AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimdən xəbər çıxıb.
Məmməd İbrahim iyulun 26-sı Bakıda, Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə, oğlu Mehdi İbrahimovun yanına gedərkən tutulub.
İyulun 27-də cəbhəçinin oğlu Turan İbrahim atasına Cinayət Məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürüldüyünü açıqlayıb. Onun sözlərinə görə, atası Nərimanov Rayon Polis İdarəsində saxlanır.
Məmməd İbrahim 2015-2019-cu illərdə həbsdə olub. O, 2015-ci ilin sentyabrında tutulub, üç nəfəri döymək ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
2018-ci ilin sentyabrında 16 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı bəyan olunub. 2019-cu il yanvarın 10-da Suraxanı Rayon Məhkəməsi Məmməd İbrahimi cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasında təqsirli bilərək 5 ay 22 gün müddətinə azadlıqdan məhrum edib. Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahimə verilmiş 5 ay 22 gün azadlıqdan məhrumetmə cəzasını azaldaraq faktiki həbsdə yatdığı müddətlə əvəzləyib və onu azadlığa buraxıb.
İyulun 14-15-i Bakıda keçirilən aksiyaya Məmməd İbrahimin oğlu Mehdi İbrahimov da qoşulub, tutularaq Xətai Rayon Polis İdarəsinin 37-ci şöbəsinə aparılıb. İyulun 21-də Xətai Rayon Polis İdarəsinə aparılan Mehdi İbrahimova iyulun 22-də Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi qaldırılıb. Bu maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Mehdi İbrahimovun koronavirus xəstəsi ola-ola evdən çıxdığı iddia olunub. İyulun 22-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları və bir mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Şəhərdə yürüş edən aksiya iştirakçıları sonda Şəhidlər xiyabanında və Milli Məclisin binası qarşısında toplaşıblar.
İyulun 15-nə keçən gecə bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb.
Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin iyulun 15-də yaydığı birgə məlumatda qeyd olunub ki, aksiyada bir qrup şəxs ictimai qaydanı pozmağa cəhd edib, polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıb, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərib, 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Həmin gün açıqlama yayan Milli Məclis Aparatı parlamentin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyini, mülkiyyətə və inventara ziyan vurulduğunu bəyan edib.
Baş Prokurorluğun İstintaq İdarəsi bu işi Cinayət Məcəlləsinin 186.2.1-ci, 233-cü və 315-ci maddələri ilə araşdırır.
Novator.az bildirir ki, 186.2.1-ci maddəyə əsasən, əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
233-cü maddəyə görə, ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətləri bir qrup şəxsin törətməsini təşkil etməyə və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə 5 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
315-ci maddə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Barələrində həbs qətimkan tədbiri seçilən AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.
AXCP fəalı Elvin Məmmədov da həmin ittihamlarla cinayət məsuliyyətinə cəlb olunub, polisin nəzarətinə verilib.
Fuad Qəhrəmanlıya həmçinin Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülüb. Bu ittihamla ona 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası düşür.
Aksiya ilə bağlı cinayət işi açılıb
Cəbhəçilər tutulub. Əli Kərimlidən etiraz
Cəbhə: buraxılan və tutulanlar var
Aksiya məhbuslarının sayı artdı
Cəbhəçinin oğluna koronavirus işi açılıb
Cinayət işləri, inzibati cəzalar, naməlumlar
Telman Seyfullayevə cinayət işi, 3 aylıq həbs
Telman Seyfullayevin yoldaşı ağır xəstədir
Fuad Qəhrəmanlı da həbs edildi
Məmməd İbrahim və daha iki cəbhəçi tutulub