İyulun 24-ü Bakının Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Prosesə hakim Nəriman Mehdiyev sədrlik edib.
Novator.az bildirir ki, Tofiq Yaqublu martın 22-də tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Rəsmi ittihama əsasən, Tofiq Yaqublu martın 22-də idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi avtomobillə toqquşub.
Tofiq Yaqublunun mübahisə zəminində Elxan Cəbrayılovu yumruqla və vintaçan alətlə zərbələr vurub xəsarətlər yetirdiyi, onun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib xəsarət yetirdiyi bəyan olunub, martın 23-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. İyunun 19-da həbs müddəti iki ay uzadılıb.
Tofiq Yaqublu Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır.
İbtidai istintaqı Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev aparıb.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.
Azadliq.org-un məlumatına görə, iyulun 24-ü Nizami Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında vəkillər Elçin Sadıqov və Aqil Layıc cinayət işinə xitam verilməsi, bu olmasa, hökm çıxarılana qədər Tofiq Yaqublunun ev dustaqlığına buraxılması, maşınının həyat yoldaşına qaytarılması barədə vəsatətlər qaldırıblar.
Hakim cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqda vəsatəti təmin etməyib.
Aqil Layıc Tofiq Yaqublunun astma xəstəliyindən əziyyət çəkdiyini və koronavirusa yoluxmaq üzrə risk qrupuna aid edildiyini söyləyib, hökm çıxarılana qədər onun həbsdən buraxılmasını istəyib.
Bu vəsatətə də yox deyilib.
Vəkilin qaldırdığı daha bir məsələ Tofiq Yaqublu həbs olunandan bu yana Nizami Rayon Polis İdarəsinin həyətində saxlanan maşınının həyat yoldaşına qaytarılması haqda olub: “Ailənin maddi ehtiyacı yaranıb, maşını satmaq istəyirlər”.
Hakim bu vəsatəti də təmin etməyib.
Məhkəmə baxışı avqustun 5-nə təyin olunub.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?
Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı