İyulun 24-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatına baxaraq AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Novator.az-ın məlumatına görə, iyulun 23-də tutulan siyasətçi 14-15 iyul aksiyasında baş verənlərdə təqsirli bilinir. İş Cinayət Məcəlləsinin 186.2.1-ci, 233-cü və 315-ci maddələri ilə aparılır.
“Turan” xəbər verir ki, Fuad Qəhrəmanlıya həmçinin Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülüb. Bu ittihamla ona 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası düşür.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları və bir mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Şəhərdə yürüş edən aksiya iştirakçıları sonda Şəhidlər xiyabanında və Milli Məclisin binası qarşısında toplaşıblar.
İyulun 15-nə keçən gecə bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb.
Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin iyulun 15-də yaydığı birgə məlumatda qeyd olunub ki, aksiyada bir qrup şəxs ictimai qaydanı pozmağa cəhd edib, polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıb, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərib, 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Həmin gün açıqlama yayan Milli Məclis Aparatı parlamentin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyini, mülkiyyətə və inventara ziyan vurulduğunu bəyan edib.
Bunun ardınca həbslər başlayıb. Barələrində həbs qətimkan tədbiri seçilən AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.
AXCP fəalı Elvin Məmmədov da həmin ittihamlarla cinayət məsuliyyətinə cəlb olunub, polisin nəzarəti altına verilib.
Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsinə əsasən, əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
233-cü maddəyə görə, ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətləri bir qrup şəxsin törətməsini təşkil etməyə və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə 5 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
315-ci maddə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Fuad Qəhrəmanlı 1975-ci ildə Şahbuz rayonunda doğulub. Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası ilə bitirib.
1994-1997-ci illərdə “Avrasiya”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 2 ay həbsdə yatıb.
1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü olan Fuad Qəhrəmanlı 2000-ci ildən AXCP Ali Məclisində, 2003-cü ildən Ali Məclisin Rəyasət Heyətində təmsil edilib, 2009-cu ildə AXCP sədrinin müavini postuna təyinat alıb.
Fuad Qəhrəmanlı 2011-ci ildə müxalifətin razılaşdırılmamış mitinqinə görə 2 il şərti həbs cəzasına məhkum edilib.
2015-ci ildə Fuad Qəhrəmanlı yenidən tutulub, dövlət əleyhinə yönələn açıq çağırışlarda, zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlarda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
2019-cu il martın 17-də əfv sərəncamı əsasında azadlığa buraxılıb.
2019-cu il sentyabrın 19-da Fuad Qəhrəmanlının ailədə yoldaşı və qızları ilə qəddar davrandığı, yoldaşının boşanmaq üçün məhkəməyə üz tutduğu xəbəri yayılıb. Sentyabrın 20-də Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verib.
Oktyabr ayında Baş Prokurorluq Fuad Qəhrəmanlıya Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi açıb. İşin istintaqı Abşeron Rayon Prokurorluğuna həvalə edilib.
Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələri iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Aksiya ilə bağlı cinayət işi açılıb
Cəbhəçilər tutulub. Əli Kərimlidən etiraz
Cəbhə: buraxılan və tutulanlar var
Aksiya məhbuslarının sayı artdı
Cəbhəçinin oğluna koronavirus işi açılıb
Cinayət işləri, inzibati cəzalar, naməlumlar
Telman Seyfullayevə cinayət işi, 3 aylıq həbs
Telman Seyfullayevin yoldaşı ağır xəstədir