Milli azadlıq hərəkatının fəalı, AXCP üzvü Telman Seyfullayev Nəsimi Rayon Məhkəməsinin 23 iyul qərarı ilə 3 ay müddətində həbs edilib. Novator.az-ın məlumatına görə, iyulun 20-də tutulan cəbhəçi 14-15 iyul aksiyasında baş verənlərdə təqsirli bilinir. Baş Prokurorluğun İstintaq İdarəsi işi Cinayət Məcəlləsinin 186.2.1-ci, 233-cü və 315-ci maddələri ilə aparır, Telman Seyfullayev barəsində 3 aylıq həbs qətimkan tədbiri bu qurumun təqdimatı ilə seçilib.
1962-ci il təvəllüdlü Telman Seyfullayev tutulandan bəri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanırdı.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları və bir mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları şəhərdə yürüş ediblər, sonra Şəhidlər xiyabanında və Milli Məclisin binası qarşısında toplaşıblar.
İyulun 15-nə keçən gecə bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb.
Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin iyulun 15-də yaydığı birgə məlumatda qeyd olunub ki, aksiyada bir qrup şəxs ictimai qaydanı pozmağa cəhd edib, polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıb, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərib, 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclis Aparatı parlamentin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyini, mülkiyyətə və inventara ziyan vurulduğunu bəyan edib.
Bunun ardınca həbslər başlayıb. Barələrində həbs qətimkan tədbiri seçilən AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.
AXCP fəalı Elvin Məmmədov da həmin ittihamlarla cinayət məsuliyyətinə cəlb olunub, polisin nəzarəti altına verilib.
Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsinə əsasən, əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
233-cü maddəyə görə, ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətləri bir qrup şəxsin törətməsini təşkil etməyə və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə 5 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
315-ci maddə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov və partiya fəalı Məhəmməd İmanlı Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə həbs ediliblər. Bu maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Mehdi İbrahimov və Məhəmməd İmanlının koronavirus xəstəsi ola-ola evdən çıxdıqları iddia olunur.
Cəbhəçilərdən Nicat Abdullayev, Süleyman Məhərrəmov, Fərrux Əliyev, Elxan Nuriyev, Elnur Həsənov, Rəşid Turabov və Mahir Namazova 30 sutka inzibati həbs kəsilib.
İyulun 23-də AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının saxlandığı xəbəri də yayılıb.
2020-ci il martın 22-dən iyulun 14-dək AXCP-nin 20 üzvü müxtəlif inzibati xətalar üzrə həbs cəzası alıb. Onlardan birinə – partiya sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədova 30 sutka inzibati həbsdən sonra terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət məsuliyyətinə cəlb olunan başqa cəbhəçilər də var.
Martın 24-ü Zamin Salayevə qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb. Aprelin 20-də o, başqa bir iş üzrə məhkum olunub, böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Aprelin 13-ü “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.
Mayın 16-sı tutulan Səid Məmmədzadəyə bıçaqdan istifadə etməklə zor tətbiqi ittihamı verilib. Əvvəl onun barəsində həbs qətimkan tədbiri seçilib, iyulun 20-də cəbhəçi ev dustaqlığına buraxılıb.
Sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınan Aqil Hümmətov isə məhkəmə qərarı ilə məcburi müalicəyə cəlb olunaraq aprelin 2-dən iyulun 2-dək Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasında saxlanıb.
Əvvəlki illərdə tutulmuş məhbus cəbhəçilər də var: Fuad Əhmədli, Elçin İsmayıllı, Ziya Əsədli, Orxan Baxışlı, Aqil Məhərrəmov, Babək Həsənov (məhkum ediliblər), Paşa Umudov.