İyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş video-müşavirədə çıxış edən prezident İlham Əliyev deyib ki, infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də öz yerini tapıb: “Son illərdə bu sahədə böyük işlər görüldü. Bu sahə diqqətdən kənarda qalmadı. Regionların sosial-iqtisadi inkişafına dair birinci dövlət proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıb. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir.
Ancaq biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya layihələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq. Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”.
Dövlət başçısı son vaxtlar yerlərdən hər gün məktublar aldığını vurğulayıb: “Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıb. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir. Bu məktublara Prezident Administrasiyasında və Nazirlər Kabinetində baxılır. Bu siqnallar nəzarətdədir və bu məsələlər operativ qaydada həll olunur. Ancaq biz bu məsələləri kompleks şəkildə həll etməliyik ki, gələcəkdə təbii problemlərin yaratdığı xoşagəlməz mənzərəyə və çətinliklərə hazır olaq.
Keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Çünki su həyat deməkdir. İlk növbədə insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır.
Eyni zamanda su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu var. Sadəcə olaraq dəhşətli itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur. Bizdə indi ən çox əməktutumlu sahələr taxılçılıq və pambıqçılıqdır. Pambıqçılıq ümumiyyətlə su olmadan inkişaf edə bilməz. Pambıqçılıqda təqribən 200-300 min adam işləyir, öz ailə büdcəsini təmin edir. Biz müasir texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin mövcud olduğu taxılçılıq təsərrüfatlarında hər hektardan təqribən 70-80 sentner buğda alırıq. Bu, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Yəni bu, dünyada ən yüksək səviyyədir, bundan yüksək səviyyə yoxdur. Əgər su olmasa, biz buna nail ola bilərikmi?
Biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, bəlkə də bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə bilərik, idxaldan daha az asılı ola bilərik. Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir. Ona görə bu məsələlərə laqeyd yanaşmaq olmaz. Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmayıb. “Azərsu”, meliorasiya qurumları sadəcə olaraq dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara dövlət büdcəsindən nə qədər pay düşəcək.
İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır. Ona görə bugünkü müşavirədə mən giriş sözümdə deyirəm hansı işlər görülüb. Amma bu işlərin görülməsi nəticəsində daha böyük səmərə əldə oluna bilərdi. Əfsuslar olsun ki, belə deyil. Bundan sonra bu işlər yalnız koordinasiya şəklində aparılmalıdır. İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməyib. Necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır. Hansı quruma nə qədər yanacaq lazımdır. Məgər su balansını tərtib etməyi prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər. Bizim yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib.
Mən vəziyyəti tam təhlil edərkən bu il aprel ayında xüsusi komissiya yaratmışam. Artıq komissiya üç aydır ki, işləyir və bu müddət ərzində gördüyü işlər, mövcud problemlərlə bağlı müntəzəm olaraq mənə məlumat verib. Komissiyanın rəhbəri baş nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın tərkibində nazirlər, aidiyyəti qurumların rəhbərləri fəaliyyət göstərirlər. Əgər bütün aidiyyəti qurumlar öz işini düzgün qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görüləndən təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə – quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”.