Maliyyə Nazirliyi 2020-ci il büdcəsinin yanvar-iyun aylarında necə icra olunduğunu açıqlayıb. Hesabata görə, yarım ildə dövlət büdcəsinin mədaxili 12 milyard 22,7 milyon manat, xərcləri 11 milyard 730,8 milyon manat olub, 291,9 milyon manat məbləğində artıqlıq yaranıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 4 milyard 5,4 milyon manat vəsaitin daxil olduğu vurğulanır: “Dövlət Gömrük Komitəsi büdcəyə 2 milyard 19,3 milyon manat vəsait təmin edib. Büdcədən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan 266,4 və 56,6 milyon manat gəlib. Dövlət Neft Fondundan büdcəyə 5 milyard 675 milyon manat vəsait köçürülüb.
Altı ayda dövlət büdcəsi xərclərinin 42,5 faizi sosial xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib.
Xərclərin 70,7 faizi cari xərclərə, 21,8 faizi əsaslı xərclərə, 7,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə gedib”.
Novator.az bildirir ki, 2020-ci ilin büdcəsində gəlir proqnozu 24 milyard 134,5 milyon manat, xərc proqnozu 26 milyard 894,7 milyon manatdır.