AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu cinayət məsuliyyətinə cəlb olunub.
Novator.az bildirir ki, Məmməd İbrahim 2015-2019-cu illərdə həbsdə olub. O, 2015-ci ilin sentyabrında tutulub, üç nəfəri döymək ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
2018-ci il sentyabrın son günlərində, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış 16 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı bəyan olunub. 2019-cu il yanvarın 10-da Suraxanı Rayon Məhkəməsi Məmməd İbrahimi cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasında təqsirli bilərək 5 ay 22 gün müddətinə azadlıqdan məhrum edib. Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahimə verilmiş 5 ay 22 gün azadlıqdan məhrumetmə cəzasını azaldaraq faktiki həbsdə yatdığı müddətlə əvəzləyib və onu azadlığa buraxıb.
2020-ci il iyulun 22-də açıqlama yayan Məmməd İbrahim yazır ki, iyulun 14-15-i Bakıda keçirilən aksiyaya böyük oğlu Mehdi İbrahimov da qoşulub, Şəhidlər xiyabanına qədər gedib, orada izdihamdan aralı, funikulyora yaxın bir yerdə dayanıb: “Mehdi aksiyanın sonunda aranın qarışdığını görüb evə qayıtmaq istəyib, lakin yolda saxlanaraq 117 nəfərlə birgə Xətai Rayon Polis İdarəsinin 37-ci şöbəsinə aparılıb”.
Məmməd İbrahim yazır ki, kimin oğlu olduğunu biləndən sonra Mehdini buraxmayıb günlərlə qanunsuz saxlayıblar, iyulun 21-də isə Xətai Rayon Polis İdarəsinə aparıblar.
İyulun 22-də bəlli olub ki, Mehdi İbrahimova Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi qaldırılıb. Bu maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Mehdi İbrahimovun koronavirus xəstəsi ola-ola evdən çıxdığı iddia olunur.
Məmməd İbrahim qeyd edir ki, oğlunda heç bir xəstəlik olmayıb: “Belə bir şey olsaydı, Mehdi evdə məcburi müalicəyə alına və evi tərk etməmək barədə xəbərdar edilə, dərmanlarla təmin olunardı, evə həkimlər gələr, təmasda olduğu şəxsləri test edərdi. Amma belə şey olmayıb. Biz bir evdə yaşayırıq, nə mən, nə anası, nə də həyat yoldaşı ilə övladı testdən keçib.
Mehdi hər gün 8103 qısa nömrəsinə SMS göndərərək evdən çıxıb. Evdə məcburi müalicəyə cəlb olunsaydı, SMS icazəsi ala bilməzdi, çünki koronavirus xəstələrinin icazəsi bloklanır”.
İyulun 22-də Xətai Rayon Məhkəməsi Mehdi İbrahimov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun bir çox hərbi qulluqçusu, o cümlədən general-mayor Polad Həşimov, eləcə də bir mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları şəhərdə yürüş ediblər, sonra Şəhidlər xiyabanında, həmçinin Milli Məclisin binası qarşısında toplaşıblar.
İyulun 15-nə keçən gecə, saat 4 radələrində polis aksiyaçıları Milli Məclisin qarşısından uzaqlaşdırıb, ərazini nəzarətə götürüb. Polisin müdaxiləsi bir qrup aksiyaçı Milli Məclisin binasına girəndən sonra başlayıb.
Milli Məclis Aparatı parlamentin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyini, mülkiyyətə və inventara ziyan vurulduğunu bəyan edib.
İyulun 15-də Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunub ki, aksiyada bir qrup şəxs ictimai qaydanı pozmağa cəhd edib, polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıb, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərib, 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Bunun ardınca həbslər başlayıb, AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, İsmayıl Həsənov, Ramid Nağıyev, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib. Onlar zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.
Daha üç cəbhəçi inzibati həbs cəzası alıb: Süleyman Məhərrəmov, Nicat Abdullayev və Mahir Namazova 30 sutka kəsilib.
Aksiya ilə bağlı cinayət işi açılıb
Cəbhəçilər tutulub. Əli Kərimlidən etiraz
Cəbhə: buraxılan və tutulanlar var