Qarabağ müharibəsinin başlandığı ilk çağlardan Füzuli cəbhəsində könüllü döyüşmüş bir qrup veteran ölkə prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevə və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimova müraciət edib.
Müraciəti ədliyyə müşavirləri Yusif Ağayev, Ağabala Quliyev, ehtiyatda olan zabitlər, o cümlədən polkovnik Mirqiyas Rüstəmov, polkovnik-leytenantlar Taryel Qəhrəmanov, Əli Məmmədov, Loğman Xanlarov, Camal Əhmədov, mayor, kapitan, leytenant, gizir, çavuş rütbələrində ehtiyata buraxılmış digər hərbi qulluqçular, həmçinin müharibədə sıravi əsgər kimi döyüşmüş veteranlar, ümumilikdə 230 nəfər imzalayıb.
Müraciət müəllifləri bildiriblər ki, ölkədə səfərbərlik başlanacağı təqdirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda ön cəbhədə döyüşməyə hazırdırlar: “Biz vətənimizə, xalqımıza, dövlətimizə hər zaman sadiq və yetərincə döyüş təcrübəsi olan əsgərlərik. Bu baxımdan döyüşlər başlananda ön cəbhəyə bizi göndərməyinizi xahiş edirik.
Cənab ali baş komandan, biz ümidlə Sizin əmrinizi gözləyirik, inanırıq ki, Sizin rəhbərliyinizlə başlanacaq Qarabağ müharibəsi torpaqlarımızın azad olunması və xalqımızın şanlı qələbəsi ilə nəticələnəcək”.
Novator.az xatırladır ki, iyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun bir çox hərbi qulluqçusu, o cümlədən general-mayor Polad Həşimov, eləcə də bir mülki şəxs şəhid olub.
İyulun 13-dən ölkədə səfərbərlik elan olunmasına çağırışlar səslənib, əli silah tutan adamlar könülü cəbhəyə yollanıb döyüşməyə hazır olduqlarını bəyan etməyə başlayıblar.
İyulun 14-ü axşamdan paytaxt Bakıda minlərlə adamın iştirakı ilə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları şəhərdə yürüş ediblər, sonra Şəhidlər xiyabanında, həmçinin Milli Məclisin binası qarşısında toplaşıblar. Aksiya zamanı iştirakçıların əksəri cəbhəyə yollanıb döyüşmək istədiyini ifadə edib.
İyulun 15-nə keçən gecə, saat 4 radələrində polis aksiyaçıları Milli Məclisin qarşısından uzaqlaşdırıb, ərazini nəzarətə götürüb. Polisin müdaxiləsi bir qrup aksiyaçı Milli Məclisin binasına girəndən sonra başlayıb.
İyulun 15-də prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxış edərkən Qarabağda vuruşmaq istəyənlərə öz anket məlumatlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verməyi məsləhət görüb. Bundan sonra Qarabağda döyüşmək arzusu ilə prezidentə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edənlərin sayı daha da artıb.