Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2020-ci ilin ilk yarısında iqtisadi və sosial sahələrin inkişafına 5 milyard 956,2 milyon manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz az vəsait yönəldilib, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 17,5 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 15,5 faiz azalıb.
Sərmayənin 66,8 faizinin məhsul istehsalı sahələrinin, 22,7 faizinin xidmət sahələrinin, 10,5 faizinin yaşayış evlərinin tikintisinin payına düşdüyü vurğulanır.
Novator.az bildirir ki, açıqlamaya əsasən, sərmayənin 39,7 faizini dövlət, 60,3 faizini qeyri-dövlət sektorunun sərmayədarları qoyub, daxili mənbələrdən yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 58,8 faizini təşkil edib.
Sərmayədə müəssisə və təşkilatların vəsaitləri 3 milyard 668,3 milyon manat, bank kreditləri 324 milyon manat, büdcə vəsaitləri 1 milyard 325 milyon manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 142 milyon manat, əhalinin şəxsi vəsaitləri 369,3 milyon manat, sair vəsaitlər 127,6 milyon manat göstərilir.
Ümumi vəsaitin 54,3 faizinin sənayeyə, 21,3 faizinin tikintiyə, 11,4 faizinin nəqliyyat və anbar təsərrüfatı sektoruna, qalanının digər sahələrə sərf edildiyi qeyd olunur.
Xarici müəssisə və təşkilatların əsas kapitala 2 milyard 454,4 milyon manat vəsait yönəltdiyi, vəsaitin 88,6 faizinin Böyük Britaniya, ABŞ, Türkiyə, Yaponiya, Norveç, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olduğu bildirilir.
Başqa bir hesabata görə, iyunun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 765,7 milyon manat olub.
İyulun 1-nə statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayının 150 min 555-ə çatdığı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayının 983,8 mini keçdiyi xəbər verilir.