Bir qrup hüquqçu və ictimai fəal yeni hüquq müdafiə təşkilatı yaradıb: Müdafiə Xətti. İyulun 20-də elan edilən qurumun təsisçiləri Rüfət Səfərov, Rəşid Hacılı, Əlayif Həsənov, Zəfər Əhmədov, Sayğın Rüstəmli, Zaur Əkbər və Təzəxan Mirələmlidir.
Təsisçilərin yığıncağında Rüfət Səfərov Müdafiə Xəttinin icraçı direktoru seçilib.
Rüfət Səfərov hüquqşünasdır. 2015-ci ilin dekabr ayında o, baş prokurora ərizə yazaraq ölkədə kütləvi ədalətsizliyin baş alıb getdiyini vurğulayıb və Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib.
Baş Prokurorluq isə bəyan edib ki, Rüfət Səfərov vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub. Bunun ardınca Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi sabiq müstəntiqə cinayət işi qaldırıb. 2016-cı il sentyabrın 8-də Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq müstəntiq rüşvət almaqda təqsirli bilinib.
2019-cu il martın 17-də Rüfət Səfərov əfv sərəncamı əsasında azadlığa buraxılıb.
Müdafiə Xəttinin manifestində qeyd olunur ki, qurum insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım məqsədilə yaradılıb: “Təşkilatın hədəfləri azad və ədalətli seçkilərin keçirilməsi, hakimiyyətlər bölgüsünün, hökumətin hesabatlılığı və şəffaflığının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı, vətəndaş fəallığının yüksəldilməsi yolu ilə bütünlükdə demokratiyanın irəli aparılmasıdır”.
Müdafiə Xəttinin insan haqları sahəsində əsas fəaliyyət istiqamətləri belə sıralanır:
– Azərbaycanda insan haqları pozuntularının monitorinqi və sənədləşdirilməsi;
– insan haqları pozuntuları ilə bağlı məhkəmə çəkişmələrində hüquqi yardım və sair dəstək;
– ciddi hüquq pozuntularına məruz qalmış şəxslərə psixoloji yardım göstərilməsi və onların maddi dəstəklənməsi üçün ianə toplanışı və yardımları təşkil etmək;
– insan haqlarının durumu barədə müntəzəm hesabatlar hazırlayıb hökumətin, sivil toplum qurumlarının, vətəndaşların, beynəlxalq təşkilatların diqqətinə çatdırılması;
– həm milli, həm də beynəlxalq institutlar qarşısında insan haqları sahəsində islahatları dəstəkləmə və lobbi işi;
– Azərbaycanda insan haqlarının durumu barədə gündəlik xəbər, açıqlama və rəylər yaymaqla ictimai məlumatlılığın yüksəldilməsi;
– insan haqları müdafiəçiləri, fəallar, jurnalist və bloqçular arasında insan haqlarının müdafiəsi sahəsində səylərin əlaqələndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə şəbəkələşmə.
Xəbəri Azadliq.info yayıb.