14-15 iyul aksiyasına görə həbs edilən AXCP üzvlərinin sayı artıb.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun bir çox hərbi qulluqçusu, o cümlədən general-mayor Polad Həşimov, eləcə də bir mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları şəhərdə yürüş ediblər, sonra Şəhidlər xiyabanında, həmçinin Milli Məclisin binası qarşısında toplaşıblar.
İyulun 15-nə keçən gecə, saat 4 radələrində polis aksiyaçıları Milli Məclisin qarşısından uzaqlaşdırıb, ərazini nəzarətə götürüb. Polisin müdaxiləsi bir qrup aksiyaçı Milli Məclisin binasına girəndən sonra başlayıb.
İyulun 15-də Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunub ki, aksiyada bir qrup şəxs ictimai qaydanı pozmağa cəhd edib, asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıb, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərib, 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclis Aparatı parlamentin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyini, mülkiyyətə və inventara ziyan vurulduğunu bəyan edib.
Bunun ardınca həbslər başlayıb. Nəsimi Rayon Məhkəməsi iyulun 18-də AXCP üzvləri Asif Yusifli ilə Seymur Əhmədov barəsində zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ittihamları ilə həbs qətimkan tədbiri seçib. İyulun 20-də AXCP üzvləri İsmayıl Həsənov, Ramid Nağıyev və Bəxtiyar İmanov barəsində də eyni qərar verilib.
Novator.az bildirir ki, iyulun 21-də AXCP üzvləri Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs ediliblər.
Daha iki cəbhəçi inzibati həbs cəzası alıb: Süleyman Məhərrəmov və Mahir Namazova 30 sutka kəsilib.
2020-ci ilin mart-iyul aylarında AXCP-nin 20 üzvü müxtəlif inzibati xətalar üzrə həbs cəzası alıb. Onlardan birinə – partiya sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədova 30 sutka inzibati həbsdən sonra terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət məsuliyyətinə cəlb olunan başqa cəbhəçilər də var.
Martın 24-ü Zamin Salayevə qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb. Aprelin 20-də o, başqa bir iş üzrə məhkum olunub, böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Aprelin 13-ü “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.
Mayın 16-sı tutulan Səid Məmmədzadəyə bıçaqdan istifadə etməklə zor tətbiqi ittihamı verilib. Əvvəl onun barəsində həbs qətimkan tədbiri seçilib, iyulun 20-də cəbhəçi ev dustaqlığına buraxılıb.
Sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınan Aqil Hümmətov isə məhkəmə qərarı ilə məcburi müalicəyə cəlb olunaraq aprelin 2-dən iyulun 2-dək Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasında saxlanıb.
Əvvəlki illərdə tutulmuş məhbus cəbhəçilər də var: Fuad Əhmədli, Elçin İsmayıllı, Ziya Əsədli, Orxan Baxışlı, Aqil Məhərrəmov, Babək Həsənov (məhkum ediliblər), Paşa Umudov.
Aksiya ilə bağlı cinayət işi açılıb