AXCP üzvü Səid Məmmədzadə ev dustaqlığına buraxılıb. “Azadlıq” radiosunun məlumatına görə, qərarı iyulun 20-də Xətai Rayon Məhkəməsi vəkillərin vəsatəti əsasında çıxarıb.
Mayın 16-sı tutulan Səid Məmmədzadəyə bıçaqdan istifadə etməklə zor tətbiqi ittihamı verilib. Bu ittiham iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Onun barəsində həbs qətimkan tədbiri mayın 18-də seçilmişdi.
“Azadlıq”adiosu iyulun 20-si Bakıda 6 AXCP üzvünün (Mahir Namazov, Nicat Abdullayev, Süleyman Məhərrəmov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov) saxlandığını da xəbər verir.
Axşam saatlarında AXCP fəalları Telman Seyfullayev və Əliağa Məmmədovun da tutulduqları barədə məlumat yayılıb.
2020-ci ilin mart-iyul aylarında AXCP-nin 20 üzvü müxtəlif inzibati xətalar üzrə (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək, xırda xuliqanlıq) həbs cəzası alıb.
Niyaməddin Əhmədova 30 sutka inzibati həbsdən sonra terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət məsuliyyətinə cəlb olunan başqa cəbhəçilər də var.
Martın 24-ü Zamin Salayevə qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb. Aprelin 20-də o, başqa bir iş üzrə məhkum olunub, böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Aprelin 13-ü “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.
İyulun 16-da tutulan Asif Yusifli ilə Seymur Əhmədova zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ittihamları irəli sürülüb.
Hər iki fəalın paytaxtdakı 14-15 iyul aksiyasında iştirak etdiyi açıqlanıb.
“Turan”ın iyulun 20-si axşam yaydığı məlumata görə, AXCP üzvləri İsmayıl Həsənov, Ramid Nağıyev və Bəxtiyar İmanov barəsində də eyni ittihamlarla həbs qətimkan tədbiri seçilib.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun bir çox hərbi qulluqçusu, o cümlədən general-mayor Polad Həşimov, eləcə də bir mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları şəhərdə yürüş ediblər, sonra Şəhidlər xiyabanında, həmçinin Milli Məclisin binası qarşısında toplaşıblar.
İyulun 15-nə keçən gecə, saat 4 radələrində polis aksiyaçıları Milli Məclisin qarşısından uzaqlaşdırıb, ərazini nəzarətə götürüb. Polisin müdaxiləsi bir qrup aksiyaçı Milli Məclisin binasına girəndən sonra başlayıb.
İyulun 15-də Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunub ki, aksiyada bir qrup şəxs ictimai qaydanı pozmağa cəhd edib, asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıb, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərib, 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclis Aparatı parlamentin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyini, mülkiyyətə və inventara ziyan vurulduğunu bəyan edib.
Sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınan Aqil Hümmətov isə məhkəmə qərarı ilə məcburi müalicəyə cəlb olunaraq aprelin 2-dən iyulun 2-dək Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasında saxlanıb.
Əvvəlki illərdə tutulmuş məhbus cəbhəçilər də var: Fuad Əhmədli, Elçin İsmayıllı, Ziya Əsədli, Orxan Baxışlı, Aqil Məhərrəmov, Babək Həsənov (məhkum ediliblər), Paşa Umudov.
1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib. Qurumun ilk sədri Əbülfəz Elçibəy olub. 2000-ci ildən partiyaya Əli Kərimli rəhbərlik edir.