ABŞ, Çin və Birləşmiş Ərəb Əmirlikləri ayrı-ayrılıqda Marsa pilotsuz kosmik gəmilər göndərəcək. Novator.az xəbər verir ki, məqsəd Marsda həyatın qədim izlərini axtarıb tapmaqdır.
Gözlənilir ki, kosmik gəmilər 485 milyon kilometr səyahət etdikdən sonra gələn ilin fevralında Marsa çatacaq. Alimlər milyardlarla il əvvəl çay, göl və okeanların olduğu Marsın necə göründüyünü bilmək istəyirlər.
Üç layihənin eyni vaxtda işə salınması təsadüfi deyil. Mars və Yerin hazırkı mövqeləri səyahətin baş tutması üçün əlverişli şərait yaradır. Belə vəziyyət iki ildən bir olur.
Ən birinci Birləşmiş Ərəb Əmirliklərinin “Amal” adlı kosmik gəmisi yola düşəcək. “Amal” fəzaya Yaponiyadan buraxılacaq. “Amal”ın hazırlanmasında ABŞ-ın Kolorado Universitetinin alimləri də iştirak ediblər. “Amal” Marsa Birləşmiş Ərəb Əmirliklərinin əsasının qoyulmasının 50-ci ildönümünü qeyd edəndə çatacaq. Layihənin meneceri Omran Şərif deyib ki, bununla ölkə ərəb gəncliyinə güclü mesaj çatdırır: “Ey ərəb gəncləri, əgər Birləşmiş Ərəb Əmirlikləri 50 ilə Marsa çata bilibsə, deməli, siz qarşıdakı illərdə daha çox şey edə bilərsiz”.
“Amal” Dubaydan idarə olunacaq. Bir növ hava stansiyası olan bu kosmik gəmi Marsın atmosferini araşdıracaq və orada iqlim dəyişikliklərini izləyəcək.
Çin öz layihəsi barədə mediaya məlumat vermir.
NASA öz kosmik gəmisini ABŞ-ın Florida ştatından fəzaya buraxacaq. Bununla NASA həm də Marsa astronavt göndərməyin mümkünlüyünü araşdırır. Pilotsuz kosmik gəmi Marsa insan göndərmək və onu sağ-salamat Yerə qaytarmaq üçün bir hazırlıqdır.
Layihə üzərində işləyən alimlərdən biri, ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun professoru Ken Farli deyib ki, başqa planetdə həyatın olduğunu təsdiq etmək çox çətindir. Layihəyə gərgin əmək və milyardlarla dollar xərcləndiyini söyləyən alim vurğulayıb: “Əgər nəsə yolunda getməsə belə yenə hər kəs şad olacaq ki, əməliyyata astronavtlar cəlb edilməyib”.
Layihəyə görə, kosmik gəmilər Marsda qədim çayların və göllərin olduğu çuxura enəcək. Həmin ərazi böyük qayalar, yüksək səthlər və qum təpələri ilə doludur. Bunlar isə əməliyyatın sona qədər uğurla alınmasına təhlükə yaradır. Yerdəki nəzarətçilərin verdiyi komandalar kosmik gəmilərə dərhal çata bilməyəcək. Radiosiqnalların Yerdən Marsa yetməsi on dəqiqə çəkir.
Alimlərin fikrincə, Marsdakı çuxurda təxminən 3 milyard 500 milyon il əvvəl çoxlu su olub. Ola bilsin, orada bəzi canlı orqanizmlər də olub. Alimlər ümid edirlər ki, kosmik gəmilər sona qədər işləyə bilsə, cuxurda keçmiş həyatın əlamətlərini, həmçinin qayaları tapmaq ideyası reallaşacaq.
İlkin Nizami