İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun bir çox hərbi qulluqçusu, o cümlədən general-mayor Polad Həşimov, eləcə də bir mülki şəxs şəhid olub.
İyulun 14-ü axşamdan paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları şəhərdə yürüş ediblər, sonra Şəhidlər xiyabanında, həmçinin Milli Məclisin binası qarşısında toplaşıblar.
İyulun 15-nə keçən gecə, saat 4 radələrində polis aksiyaçıları Milli Məclisin qarşısından uzaqlaşdırıb, ərazini nəzarətə götürüb. Polisin müdaxiləsi bir qrup aksiyaçı Milli Məclisin binasına girəndən sonra başlayıb.
İyulun 15-də Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunub ki, aksiyada bir qrup şəxs ictimai qaydanı pozmağa cəhd edib, asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıb, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərib, 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Milli Məclis Aparatı parlamentin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyini, mülkiyyətə və inventara ziyan vurulduğunu bəyan edib.
Baş Prokurorluq Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayaraq istintaq aparır.
“Turan”ın 17 iyul məlumatına görə, 14-15 iyul aksiyasında iştirak edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Asif Yusifli, Mətanət Mahmarzayeva (Turan), Fərid Əsədov, Məhəmməd İmanlı və Elvin Məmmədov, Seymur Əhmədov tutulublar.
Partiya sədri Əli Kərimli özünün “Facebook” səhifəsində bununla bağlı açıqlama yayaraq qeyd edib ki, 14-15 iyul mitinqi xalqın səmimi vətənpərvərliyinin nümayişi idi: “Bu mitinq yalnız xalqımızın düşmənlərini qorxutmalı idi. Xalqımız bu spontan mitinqi ilə ordumuzun gücünə güc qatmaq, ona mənəvi-siyasi dəstək vermək istəmişdi.
Hökumət isə xalqın hələ də diri olmasından, toparlana bilmək bacarığından qorxuya düşüb. Kütləvi həbslərlə xalqı yenidən qorxutmaq istəyir. Qürur və milli birlik günümüzü repressiya gününə çevirmək, Qarabağsevər gəncliyi əzib düşməni sevindirmək yoluna çıxıb.
Biz bu mitinqi tam dəstəkləsək də, təşkilat olaraq aksiyaya qatılmadıq. Düşünürdük ki, biz prosesə qatılsaq, hökumət mütləq təxribat edəcək. Biz isə çox istəyirdik ki, aksiya təxribatsız, zorakılıqsız və həbslərsiz başa çatsın. Hətta aksiyanın dağıdılmasından bir neçə saat öncə “Facebook” səhifəmə bu məzmunlu yazı da çatdırmışdım. Ona görə də çox az sayda cəbhəçi aksiyada iştirak edib. Onlar da heç bir qanunsuzluğa yol verməyib.
Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui-istifadə edir”.
2020-ci ilin mart-iyul aylarında AXCP-nin 20 üzvü müxtəlif inzibati xətalar üzrə (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək, xırda xuliqanlıq) həbs cəzası alıb. Novator.az bildirir ki, hazırda onların üçü inzibati cəza çəkir: iyulun 4-də tutulan Qaçay Qafarova və iyulun 13-də tutulan Arif Paşayevə 30 sutka, iyulun 14-də tutulan Elvin Bəhrəmova 15 sutka həbs cəzası verilib.
AXCP fəallarının yeni həbs dalğası martın 22-dən başlayıb.
Faiq Əmirli və Ruslan Əmirov iki dəfə cəza alıb, hər biri üst-üstə 45 sutka (əvvəl 30, sonra 15 sutka) yatıb.
Anar Məlikov, Faiq Rəşidov 10 sutka, Şəmsi Kəsəmənli 15 sutka, Vüqar Əbilov 20 sutka, Sərdar Qubadsoy 25 sutka, Nicat Abdullayev, Baba Süleyman, İslam İslamzadə, Əvəz Əhmədov, Arif Babayev, Elvin Məmmədov, Ramid Nağıyev, Əliağa Məmmədov (Əli İmanxanlı) və Elxan Əliyev 30 sutka həbsdə olublar.
Niyaməddin Əhmədova 30 sutka inzibati həbsdən sonra terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Son vaxtlar daha 3 cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub.
Martın 24-ü Zamin Salayevə qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb. Aprelin 20-də o, başqa bir iş üzrə məhkum olunub, böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Aprelin 13-ü “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.
Mayın 16-sı tutulan Səid Məmmədzadəyə (Bakuvi) bıçaqla xəsarət yetirmək ittihamı verilib, mayın 18-də onun barəsində həbs qətimkan tədbiri seçilib.
Sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınan Aqil Hümmətov isə məhkəmə qərarı ilə məcburi müalicəyə cəlb olunaraq aprelin 2-dən iyulun 2-dək Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasında saxlanıb.
Əvvəlki illərdə tutulmuş məhbus cəbhəçilər də var: Fuad Əhmədli, Elçin İsmayıllı, Ziya Əsədli, Orxan Baxışlı, Aqil Məhərrəmov, Babək Həsənov (məhkum ediliblər), Paşa Umudov.