İyulun 16-da Avropa İnsan Hüquqları Məhkəməsi hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun şikayətləri üzrə qərarını elan edib.
Şikayətlərdə Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqların (işgəncələrin və qeyri-insani rəftarın qadağan edilməsi; azadlıq, şəxsi toxunulmazlıq hüququ; ədalətli məhkəmə araşdırması hüququ; ailə həyatına hörmət hüququ; səmərəli hüquqi müdafiə vasitələrindən istifadə hüququ; mülkiyyət hüququ; hərəkət azadlığı və hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri hüquqları) pozulduğu iddia olunurdu.
Avropa Məhkəməsi faktiki bu iddiaların hamısını təsdiqləyib. Şikayətlər işgəncələrin və qeyri-insani rəftarın qadağan edilməsinə aid hissə istisna olmaqla təmin edilib. Nəticədə Avropa Məhkəməsi Azərbaycan dövlətinin Leyla və Arif Yunuslara ümumilikdə 51 min 438 avro təzminat ödəməsinə qərar verib.
Novator.az xatırladır ki, bu, Avropa Məhkəməsinin Leyla və Arif Yunusların həbsinə aid şikayətlər üzrə çıxardığı ikinci qərarıdır.
2016-cı il iyunun 2-də Avropa Məhkəməsi Yunusların Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit edilən işgəncələrin qadağan olunması hüququnun pozulduğunu tanımış və Azərbaycan dövlətinin onların hər birinə 15 min avro kompensasiya verməsi barədə qərar çıxarmışdı. Həmin qərarda deyilir ki, Leyla və Arif Yunuslara həbs olunduqları vaxt lazımi tibbi yardım göstərilməyib.
Leyla və Arif Yunuslar 2014-cü ilin yayında tutulublar. Onlar maliyyə cinayətlərində və dövlətə xəyanətdə ittiham olunublar. Maliyyə cinayətləri ittihamı üzrə məhkəmə keçirilib, dövlətə xəyanət ittihamı üzrə cinayət işi isə ayrı icraata verilib. 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu 7 il müddətinə azadlıqdan məhrum edib.
Arif Yunus səhhətinə görə 2015-ci il noyabrın 12-də həbsdən buraxılıb. Həmin il dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun da azadlığa buraxılmasına qərar verib. Məhkəmə həm Leyla Yunusa, həm də Arif Yunusa 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza kəsib.
2016-cı ilin aprel ayında Leyla və Arif Yunuslar ölkədən mühacirət ediblər. Həmin vaxtdan onlar Niderlandda yaşayırlar.
Leyla Yunus Sülh və Demokratiya İnstitutunun direktoru, Arif Yunus və bu qurumun departament müdiridir.