Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması ilə əlaqədar video formatında qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı nazirə bunları deyib: “Bu sahə sizin üçün yeni olsa da, idarəetmə təcrübəniz kifayət qədər böyükdür, müxtəlif vəzifələrdə işləmisiniz, o cümlədən nazir vəzifəsində.
Bizim xarici siyasətimiz açıqdır. Xarici siyasət prioritetlərimizi açıq şəkildə bəyan edirik və məqsədlərə çatmaq üçün ardıcıl siyasət aparırıq. Bütün ölkələrlə bərabərhüquqlu qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması bizim əsas prinsiplərimizdən biridir. Son illərdə Azərbaycan bu sahədə böyük uğurlar əldə edib. Azərbaycan dünya birliyinin ləyaqətli üzvüdür. Dünyada bizə olan hörmət artır. Bunu müxtəlif vaxtlarda Azərbaycana beynəlxalq aləmdə göstərilən dəstək əyani şəkildə sübut edir. Bizim dünyadakı rolumuz artır, bölgədə ölkəmizin iştirakı olmadan, maraqları təmin edilmədən hər hansı bir layihənin icrası qeyri-mümkündür”.
İlham Əliyev qeyd edib ki, Xarici İşlər Nazirliyi sistemində vəziyyət sağlamlaşdırılmalıdır: “Təhlil aparılmalıdır, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir. Nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir. Nazirliyin fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi haqqında sizdən təkliflər gözləyəcəyəm.
Bizim xarici nümayəndəliklərdə görülən işlər ciddi təhlil olunmalıdır, səfirliklərin işinin səmərəlilik əmsalı müəyyən edilməlidir. Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da bunu etmək istəmirlər. Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da bunu etmək istəmirlər. Ona görə bütün bu məsələlər sizin gündəlik fəaliyyətinizdə önəmli yer tutmalıdır.
Bizim xarici nümayəndələrimiz, diplomatlarımız ölkəmizin maraqlarını tam təmin etməlidirlər. Xaricdə fəaliyyət göstərən diplomatlarımızın əksəriyyəti yüksək meyarlara cavab verir. Ancaq vəziyyət təhlil edilərkən ilk növbədə nöqsanlara fikir vermək lazımdır. Səfirliklərimiz xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqədə olmalıdırlar. Onlar diaspor təşkilatlarının koordinasiya işinə öz töhfəsini verməlidir ki, həm diaspor təşkilatları, həm səfirliklər Azərbaycanın maraqlarını təmin etsinlər və Azərbaycan reallıqlarını çatdırsınlar.
Xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar olmalıdır. Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir, formal yox. Çünki bir çox hallarda biz bunu görmürük. Ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələr mən müdaxilə etməsəm təkzib olunmur. Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar. Bu gün sirr deyil ki, Azərbaycana qarşı təşkil edilmiş və koordinasiya olunmuş çirkin kampaniya aparılır. Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, bu kampaniyanın mənbəyi və səbəbi nədir. Bir çox səbəblər var, onların arasında bizim milli maraqlara söykənən müstəqil siyasətimizdir və özümüzü ləyaqətli aparmağımızdır. Bəs bu kampaniyaya adekvat cavab verilir? Verilmir. Xaricdə bəzi anti-Azərbaycan ünsürlər öz fəaliyyətində, öz çirkin əməllərində, bəyanatlarında yaşadıqları ölkələrin qanunlarını kobudcasına pozurlar, terrora çağırışlar edirlər, konstitusiya quruluşunun dəyişdirilməsinə çalışırlar. Bütün bunlar nəinki Azərbaycanın, bir çox ölkələrin qanunvericiliyində, o cümlədən cinayət məcəlləsində təsbit edilmiş məsələlərdir və ona görə bu cinayəti törətmiş insanlar cinayət məsuliyyətinə cəlb edilməlidir.
Amma bizim xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər bu məsələyə diqqət yetirirlər? Deyə bilərəm ki, yox. Baş qoşmaq, heç kimlə pis olmaq istəmirlər. Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər.
Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumat var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumat var.
Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər.
Fəaliyyətinizin əsas hissəsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə istiqamətləndiriləcək. Bu, əsas məsələ, milli məsələdir. Son illər görülmüş tədbirlər nəticəsində bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyublar. Əgər münaqişə getdiyi dövrdə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edibsə, ondan sonrakı dövrdə bütün digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, NATO və digər təşkilatlar. İki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi bənd var. Yəni hüquqi baza tam təmin edilib.
O ki qaldı münaqişənin həllinə, bizim mövqeyimizdə, qeyd etdiyim kimi, heç bir dəyişiklik ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.
Mən bir daha demək istəyirəm ki, biz imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası olmalıdır. Mən demişəm ki, Minsk qrupunun işi çox fəal olmalıdır və onların mandatı çərçivəsində təkcə təmas xəttində, yaxud da dövlət sərhədində atəşkəsin təmin edilməsi məsələsi yox, mahiyyət üzrə danışıqlar aparılmalıdır və bunun üçün artıq uzun illər ərzində formalaşmış baza var. Ancaq Ermənistan öz destruktiv addımları, qeyri-konstruktiv bəyanatları, sərhəddə və təmas xəttində törətdikləri hərbi cinayətləri ilə bütün bu danışıqlar konstruksiyasını məhv edir. Ermənistan danışıqlar formatını dəyişmək, danışıqların mahiyyətini pozmaq istəyir. Yəni faktiki olaraq bu gün Ermənistan danışıqlar prosesini dağıdır və bunu hər kəs görür”.
Xarici İşlər Nazirliyində əməliyyat
Xarici İşlər Nazirliyinin üç rəsmisi həbs edilib
Xarici İşlər Nazirliyində yeni həbslər