Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 31 il ötür.
Novator.az bildirir ki, AXC 1989-cu il iyulun 16-sı Bakıda təsis olunub. Qurucu konfransda Əbülfəz Elçibəy AXC sədri seçilib.
1989-cu il iyulun 16-dan 1990-cı il yanvarın 8-dək fəaliyyət göstərən ilk İdarə Heyətində Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümmətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə təmsil olunublar.
İkinci İdarə Heyətinə əvvəlki tərkibdən Etibar Məmmədov, Hikmət Hacızadə, İsa Qəmbər, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabit Bağırov, Tofiq Qasımov, Yusif Səmədoğlu ilə yanaşı Arif Paşa, Dilarə Əliyeva, Əlikram Əliyev, Firudin Səməndərov, Sabir Rüstəmxanlı, Vurğun Əyyub mandat alıblar.
1991-ci ildə İdarə Heyəti institutu ləğv edilib.
AXC Ali Məclisinin sədri postunu 1991-ci ilə qədər Tamerlan Qarayev, 1992-ci ilə qədər Arif Hacılı, 1992-ci ildən Qulamhüseyn Əlibəyli tutub.
AXC 1992-1993-cü illərdə hakimiyyətdə olub.
1992-ci il mayın 18-dən prezident səlahiyyətlərini həmin gündən parlament sədri olan İsa Qəmbər icra edib. İyunun 7-də Əbülfəz Elçibəy prezident seçilib, ayın 17-də vəzifəsinin icrasına başlayıb.
1993-cü ilin iyununda AXC hakimiyyəti hərbi-siyasi qiyamla devrilib, ayın 24-də Əbülfəz Elçibəy Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb.
Qurumun ilk liderlərindən AXC hakimiyyətində həmçinin Tamerlan Qarayev (parlament sədrinin birinci müavini), Pənah Hüseyn (əvvəl dövlət katibi, sonra baş nazir), Tofiq Qasımov (xarici işlər naziri), Rəhim Qazıyev (müdafiə naziri), Sabir Rüstəmxanlı (mətbuat və informasiya naziri), Arif Hacılı (dövlət müşaviri), Vurğun Əyyub (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri), Sülhəddin Əkbər (milli təhlükəsizlik nazirinin birinci müavini), Hikmət Hacızadə (Azərbaycanın Rusiyada səfiri), Sabit Bağırov (Dövlət Neft Şirkətinin prezidenti), Firudin Səməndərov (BDU-nun rektoru) təmsil olunublar.
AXC-nin öncül şəxslərindən 8-i həyatda yoxdur. Dilarə Əliyeva 1991-ci ildə avtomobil qəzasında həlak olub, Yusif Səmədoğlu 1998-ci, Nəcəf Nəcəfov 1999-cu, Əbülfəz Elçibəy 2000-ci, Əlikram Əliyev 2011-ci, Vurğun Əyyub, Firudin Səməndərov 2019-cu, Tofiq Qasımov 2020-ci ildə vəfat ediblər.
Ələkrəm Hümmətov, Leyla Yunus xaricdə yaşayırlar.
Rəhim Qazıyev həbsdədir.
Arif Hacılı Müsavat Partiyasının başqanı, Etibar Məmmədov Milli İstiqlal Partiyasının lideri, Qulamhüseyn Əlibəyli Aydınlar Partiyasının, Pənah Hüseyn Xalq Partiyasının, Sülhəddin Əkbər Azad Demokratlar Partiyasının sədri, İsa Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin rəhbəridir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı həmçinin parlamentin deputatıdır.
Hikmət Hacızadə, Sabit Bağırov, Zərdüşt Əlizadə ictimai fəaliyyət göstərirlər.
Nemət Pənahlı müstəqil siyasi fəaliyyətlə məşğuldur.
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiridir.
1995-ci ildə AXC partiyaya çevrilib. 2000-ci ildən həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli liderlik edir.