2020-ci il iyulun 16-da Azərbaycanın xarici işlər naziri dəyişdi: Elmar Məmmədyarovu Ceyhun Bayramov əvəzlədi.
1973-cü il təvəllüdlü Ceyhun Bayramov iqtisadiyyat və hüquq üzrə iki ali təhsil alıb. Vergilər Nazirliyində çalışıb, Təhsil Nazirliyi Aparatının rəhbəri, təhsil nazirinin müavini olub, 23 aprel 2018-ci ildən təhsil naziri postunu tutub.
Ceyhun Bayramov Azərbaycanın 16-cı xarici işlər naziridir.
Novator.az bildirir ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk xarici işlər naziri Məmmədhəsən Hacınski olub. O, mayın 28-dən oktyabrın 6-dək nazir kürsüsündə oturub.
1918-ci il oktyabrın 6-dan dekabrın 7-dək Xarici İşlər Nazirliyinə Əlimərdan bəy Topçubaşov rəhbərlik edib.
Fətəli xan Xoyski 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-dək və 1919-cu il dekabrın 24-dən 1920-ci il aprelin 1-dək xarici işlər naziri vəzifəsini tutub.
Məmməd Cəfərov 1919-cu il martın 14-dən dekabrın 22-dək ölkənin baş diplomatı olub.
Sovet hakimiyyətinin qurulduğu 1920-ci ilin aprelindən 1921-ci ilin mayınadək xarici siyasət idarəsinin başında Nəriman Nərimanov, 1921-ci ilin mayından dekabrınadək Mirzə Davud Hüseynov dayanıb.
1922-1944-cü illərdə Azərbaycanın xarici siyasət qurumu fəaliyyət göstərməyib.
1944-1958-ci illərdə xarici siyasət qurumuna Mahmud Əliyev, 1959-1983-cü illərdə Tahirə Tahirova, 1983-1987-ci illərdə Elmira Qafarova rəhbərlik edib.
1988-ci il yanvarın 23-də xarici işlər postuna Hüseynağa Sadıqov təyin olunub. Bu vəzifədə 1992-ci il mayın 29-dək çalışan Hüseynağa Sadıqov 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ilk xarici işlər naziri sayılır.
1992-ci il iyulun 4-dən 1993-cü il iyunun 26-dək xarici işlər naziri kürsüsünü Tofiq Qasımov, 1993-cü il sentyabrın 2-dən 1998-ci il fevralın 16-dək Həsən Həsənov, 1998-ci il martın 5-dən 1999-cu il oktyabrın 26-dək Tofiq Zülfüqarov, 1999-cu il oktyabrın 26-dan 2004-cü il aprelin 2-dək Vilayət Quliyev tutub.