Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda ümumi daxili məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azalaraq 33 milyard 803,9 milyon manat dəyərində olub.
Adambaşına ümumi daxili məhsul 3393,7 manat göstərilir.
2019-cu ilin ilk yarısı ilə müqayisədə sənayedə 1,5% azalmanın, kənd təsərrüfatında 2,2% yüksəlişin qeydə alındığı vurğulanır.
Açıqlamaya əsasən, ötən ilin ilk yanvar-iyun aylarına nəzərən sərmayə qoyuluşunda 2,7%, nəqliyyat sektorunda yük daşınması üzrə 14,1%, sərnişin daşınması üzrə 28,7%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 19,2%, pərakəndə ticarət dövriyyəsi üzrə 1,9% geriləmə, informasiya və rabitə xidmətləri üzrə 4,4% artım var.
Yarım ildə dövlət büdcəsinə 12 milyard 22,7 milyon manatın daxil olduğu, büdcədən 11 milyard 730,8 milyon manatın xərcləndiyi, əhalinin nominal gəlirlərinin 0,6% artdığı vurğulanır.
Rəsmi məlumata görə, yanvar-may aylarında 3%-lik inflyasiya gedib.
İyunun 1-nə muzdla çalışanların orta əməkhaqqının 728,9 manat olduğu bildirilir.