Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 14-15 iyul aksiyası ilə bağlı birgə məlumat yayıb.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Xəyyam Daşdəmirov, Elçin Mustafazadə, mülki şəxs Əziz Əzizov şəhid olub.
İyulun 14-ü axşamdan paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları iyulun 14-ü axşam Heydər Əliyev prospekti boyunca yürüş ediblər, Azadlıq meydanından keçərək Şəhidlər xiyabanında, həmçinin Milli Məclisin binası qarşısında toplaşıblar.
“Qarabağ!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Ali baş komandan, silah ver bizə!”, “Ən böyük əsgər – bizim əsgər!”, “Azərbaycan əsgəri, vur, yıx səngəri!” şüarları səsləndirən aksiyaçıların əksəri gənclər olub. Onlar Azərbaycan torpaqlarını işğal altında saxlayan düşmənə güc tətbiq olunması tələbi qoyublar.
İyulun 15-nə keçən gecə, saat 4 radələrində polis aksiyaçıları Milli Məclisin qarşısından uzaqlaşdırıb, ərazini nəzarətə götürüb. Polisin müdaxiləsi bir qrup aksiyaçı Milli Məclisin binasına girəndən sonra başlayıb. Xüsusi vasitələrdən də istifadə edilib.
İyulun 15-də Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunur ki, iyul ayının 14-dən 15-nə keçən gecə paytaxtın bəzi sakinləri ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini anmaq məqsədilə Şəhidlər xiyabanı qarşısında toplaşıblar: “Sonradan həmin yerə gələn bir qrup şəxs ictimai qaydanı pozmağa cəhd edib, asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıb, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstəriblər.
Nəticədə 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.
Dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.
Baş Prokurorluq Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayaraq istintaq aparır. Hüquqazidd əməllərin iştirakçılarından bəziləri saxlanıb”.
Milli Məclis Aparatının 15 iyul məlumatında bildirilir ki, iyulun 14-də Şəhidlər xiyabanı və Milli Məclis qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub: “Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb”.