“Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişikliklər prezident İlham Əliyevin imzası ilə rəsmiləşib. Novator.az bildirir ki, əsas yeniliklərin birinə görə, sosial yardım almaq hüququ olan ailələr belə təsnif olunur: “Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə qərarı ilə itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər”.
Başqa bir dəyişikliyə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən 1 il müddətinə təyin olunur.
Qanuna əsasən, sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə sosial yardım alan ailə bu barədə 15 iş günü müddətində məlumat verməlidir.
Sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.
Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir.
Sosial yardımın təyinatı zamanı ailədən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödəndiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın verilməməsi səbəbindən artıq vəsait ödəndiyi zaman sosial yardım alan ailə artıq ödənmiş sosial yardımın məbləğini könüllü qaydada qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
Ünvanlı yardım orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailəyə düşür. 2020-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 160 manat götürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına əsasən, 2020-ci ilin yanvar-iyun aylarında 85 minə yaxın ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə təminatının maliyyələşdirilməsinə 105 milyon manat ayrılıb.
Ünvanlı dövlət sosial yardımı ilə təminat Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətindədir.