İyulun 14-də Səbail Rayon Məhkəməsi sabiq müdafiə naziri Rəhim Qazıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Rəhim Qazıyev iyulun 13-də tutulub. Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun həmin gün yaydığı birgə məlumatda Rəhim Qazıyevin sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədindəki son döyüş əməliyyatları və hadisələrin mahiyyəti barədə həqiqətə uyğun olmayan xəbərlər yaydığına görə tutulduğu bildirilib. İş Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə araşdırılır.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedir. Azərbaycan Ordusunun 11 hərbi qulluqçusu, o cümlədən hərbi birliklərdən birinin qərargah rəisi general-mayor Polad Həşimov və bir mülki şəxs həlak olub.
Novator.az bildirir ki, 281-ci maddəyə əsasən, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər təkrar və ya bir qrup şəxsin iştirakı ilə törədildikdə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.
Xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədilən eyni əməllərə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
282-ci maddəyə əsasən, Azərbaycanın müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməlləri mütəşəkkil dəstə törətdikdə 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.
Rəhim Qazıyev 1943-cü il fevralın 17-də Şəki şəhərində doğulub. Pedaqoq, fizika-riyaziyyat elmləri namizədidir.
1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edib, İdarə Heyətində təmsil olunub. 1990-cı ilin 20 yanvar qırğınından sonra həbs edilib. Həmin il həbsdən buraxıldıqdan sonra Azərbaycan parlamentinin üzvü seçilib.
Azərbaycan Müdafiə Şurasının üzvü, Şuşa rayonunun komendantı olub.
1992-ci il martın 17-də müdafiə naziri təyin edilib, mayın 18-dən eyni zamanda baş nazirin birinci müavini postunu tutub. 1993-cü fevralın 20-də istefaya göndərilib. Həmin ilin noyabrında həbs edilən Rəhim Qazıyevə vəzifə səlahiyyətlərini aşma, külli miqdarda dövlət əmlakının mənimsənməsi, qanunsuz silah saxlamaq ittihamları irəli sürülüb.
1994-cü ilin sentyabrında sabiq nazir həbsdən qaçırılıb. 1995-ci ildə qiyabi ölüm cəzasına məhkum edilib, 1996-cı ildə yenidən tutulub. 1998-ci ildə cəzası ömürlük həbsə, 2003-cü ildə 15 il həbsə dəyişdirilib. 2005-ci ildə əfv olunub.