Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-ci ilin yanvar-iyun ayları üzrə sosial təminat hesabatı yayıb. Rəsmi məlumata görə, yarım ildə 1,3 milyon nəfərə yaxın pensiyaçının pensiyalarının maliyyələşdirilməsinə 2 milyard 250 milyon manat xərclənib.
743 min nəfərə sosial müavinət və təqaüd ödənişi üzrə 475 milyon manatın sərf olunduğu bildirilir.
Hesabata əsasən, 85 minə yaxın ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə təminatının maliyyələşdirilməsinə 105 milyon manat ayrılıb.
İşsiz və koronavirus pandemiyasına görə tətbiq olunan xüsusi karantin rejimində gəlirini itirən şəxslərdən ibarət 600 min nəfər üçün aprel-may aylarında aylıq 190 manat birdəfəlik ödəmə ilə təminat proqramının icrasına 229 milyon manatın yönəldildiyi vurğulanır.
6 ayda 3 milyon nəfərə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında ödənişlər edildiyi və həmin istiqamətlər üzrə ümumilikdə 3 milyard 59 milyon manat vəsaitin xərcləndiyi qeyd edilir.