İyulun 12-13-də Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Tovuz rayonu hücumlara məruz qalıb.
1988-ci ildən Azərbaycana qarşı hərbi-siyasi təcavüz aparan və ölkənin Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən), Dağlıq Qarabağ ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndini işğal altında saxlayan düşmənin yeni mövqelər ələ keçirmək cəhdi puça çıxsa da, bu, itkilər hesabına başa gəlib: Azərbaycanın dörd hərbçisi şəhid olub.
Azərbaycanın rəsmi instansiyaları, o cümlədən Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistanın bu təxribatda əsas məqsədlərindən biri üçüncü ölkələri münaqişəyə cəlb etməkdir.
Aydın məsələdir ki, üçüncü ölkələr dedikdə Azərbaycanın və Ermənistanın hərbi müttəfiqləri nəzərdə tutulur.
Novator.az bildirir ki, Ermənistanın əsas hərbi müttəfiqi Rusiyadır. Ermənistanın Gümrü şəhərində Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazası var. Əsası 1992-ci ildə qoyulan, 4 min nəfərə yaxın şəxsi heyəti olan hərbi bazanın hava komponenti paytaxt Yerevanda, Erebuni aerodromunda yerləşir.
2016-cı il noyabrın 30-da Rusiya və Ermənistanın müdafiə nazirləri iki ölkənin birləşmiş qoşun qrupunu yaratmaq barədə saziş imzalayıblar. Sazişə əsasən, birgə qrupa Ermənistandakı 102-ci Rusiya hərbi bazası və Ermənistan Silahlı Qüvvələrinin hərbi hissəsi daxil olub.
Birləşmiş qoşun qrupunun komandanı ermənidir: general-mayor Tiqran Parvanyan.
Qoşun qrupunun Ermənistana və Rusiyaya təcavüzün qarşısını almağa, iki ölkənin ərazi bütövlüyünün və əhalisinin müdafiəsinə yönəldiyi bəyan olunub. İki ölkə hərbi-siyasi vəziyyəti birgə analiz etməyə, vahid idarəçilik sistemi qurmağa, qoşunların, kəşfiyyatın, silahlanmanın, maddi-texniki bazanın idarəçiliyini təmin etməyə və operativ-taktiki tapşırıqların birgə yerinə yetirilməsinə öhdəlik götürüblər.
Hər iki ölkədə rəsmən qüvvəyə minmiş saziş sonradan artırılmaq şərti ilə 5 il qüvvədə olmalıdır.
Ermənistan həmçinin hərbi-siyasi ittifaqın – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. KTMT-nin əsası 1992-ci il mayın 15-də 6 ölkənin – Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan, 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub, üzvlərin sayı 9-a qalxıb. Ölkə parlamentlərində təsdiq prosesi bitən gün – 20 aprel 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib.
2 aprel 1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıb və KTMT üzvlərinin sayı 6-ya düşüb.
7 oktyabr 2002-ci ildə KTMT-nin nizamnaməsi qəbul olunub. Nizamnaməyə əsasən, KTMT beynəlxalq regional qurumdur.
2006-2012-ci illərdə Özbəkistan yenidən KTMT-də təmsil olunub.
KTMT-nin əsas orqanları bunlardır:
Kollektiv Təhlükəsizlik Şurası (üzv ölkələrin liderlərinin daxil olduğu ali orqan);
Xarici İşlər Nazirləri Şurası;
Müdafiə Nazirləri Şurası;
Təhlükəsizlik Şurası Katibləri Komitəsi;
Daimi Şura (üzv ölkələrin KTMT-də səfirlərindən ibarət).
Daimi işçi qurumlar Katiblik və Birləşmiş Qərargahdır. Hər iki qurumun ofisi Rusiyanın paytaxtı Moskvada yerləşir.
KTMT-nin Parlament Assambleyası da var.
Kollektiv Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Təhlükəsizlik Şurası Katibləri Komitəsinin qərarları konsensusla qəbul olunur. Hər hansı üzv ölkənin etiraz etmədiyi təqdirdə məhdud tərkibdə qərarın qəbulu da mümkündür.
KTMT-nin ali vəzifəli şəxsi baş katibdir. Hazırda bu vəzifəni Belarusdan general-leytenant Stanislav Zas tutur.
2017-ci il mayın 2-dən 2018-ci il oktyabrın 30-dək KTMT-nin baş katibi Azərbaycan torpaqlarının işğalında iştirak etmiş erməni general-polkovnik Yuri Xaçaturov olub.
Tovuz rayonu istiqamətində döyüş
Düşmənin dayaq məntəqəsinə zərbə endirilib. Bir zabitimiz şəhid olub
İyulun 12-də şəhid olan hərbçilər torpağa tapşırılıb
Təhlükəsizlik Şurasının iclası keçirilib
Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı
Nazir deyib ki, münaqişəyə üçüncü ölkələri cəlb etmək istəyirlər
Müdafiə Nazirliyinin yeni açıqlaması