İyulun 12-si günorta Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejimi pozulub. Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə edərək hücum cəhdi göstərib: “Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o itki verərək geri otuzdurulub. Döyüşdə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. 5 hərbi qulluqçumuz yaralanıb. Həkimlərimizin səyinə baxmayaraq yaralılardan biri – əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub”.
Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrinin təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir: “Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir.
Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya aydındır.
Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq. Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.
AZƏRTAC-a açıqlama verən prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Ermənistanın artilleriya qurğularından istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır: “Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilib. Bunun əksinə olaraq Ermənistan iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsini və qəsdən mülki insanların hədəfə alınmasını sistematik şəkildə davam etdirir.
Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.
Ermənistan BMT nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal edib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur”.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən), Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi Ermənistanın işğalı altındadır.