Sentyabrın 3-də yığma futbol komandalarının yarışı olan UEFA Millətlər Liqasının qrup mərhələsi başlayacaq. Novator.az bildirir ki, A divizionunun 1-ci qrupunda Niderland, İtaliya, Bosniya, Polşa; 2-ci qrupunda İngiltərə, Belçika, Danimarka, İslandiya; 3-cü qrupunda Portuqaliya, Fransa, İsveç, Xorvatiya; 4-cü qrupunda İsveçrə, İspaniya, Ukrayna, Almaniya mübarizə aparır.
A divizionu qruplarının qalibləri 2021-ci ilin yayına təyin olunan final mərhələsində iştirak edəcək.
B divizionunun 1-ci qrupunda Avstriya, Norveç, Şimali İrlandiya, Rumıniya; 2-ci qrupunda Çexiya, Şotlandiya, Slovakiya, İsrail; 3-cü qrupunda Rusiya, Serbiya, Türkiyə, Macarıstan; 4-cü qrupunda Uels, Finlandiya, İrlandiya, Bolqarıstan yarışır.
C divizionunun 1-ci qrupunda Monteneqro, Kipr, Lüksemburq, Azərbaycan; 2-ci qrupunda Gürcüstan, Şimali Makedoniya, Estoniya, Ermənistan; 3-cü qrupunda Yunanıstan, Kosovo, Sloveniya, Moldova; 4-cü qrupunda Albaniya, Belarus, Litva, Qazaxıstan yer alır.
D divizionunun 1-ci qrupunda Farer adaları, Latviya, Andorra, Malta; 2-ci qrupunda Cəbəllütariq, Lixtenşteyn, San Marino var.
B, C, D divizionları qruplarının qalibləri yuxarı diviziona adlamaq hüququ qazanacaq.
A, B divizionu qruplarının sonuncuları və C divizionunun ən zəif iki komandası aşağı diviziona yuvarlanacaq.
C divizionunun 1-ci qrupunda oyunların təqvimi belədir:
5 sentyabr
Azərbaycan – Lüksemburq
Kipr – Monteneqro
8 sentyabr
Lüksemburq – Monteneqro
Kipr – Azərbaycan
10 oktyabr
Lüksemburq – Kipr
Monteneqro – Azərbaycan
13 oktyabr
Azərbaycan – Kipr
Monteneqro – Lüksemburq
14 noyabr
Azərbaycan – Monteneqro
Kipr – Lüksemburq
17 noyabr
Lüksemburq – Azərbaycan
Monteneqro – Kipr.
Azərbaycan milli komandası beynəlxalq turnirlərə 1996-cı ilin Avropa çempionatının seçmə mərhələsindən qatılıb, həmin turnirdə 1 xal yığaraq 6 komandalıq qrupda 6-cı yeri tutub.
1998-ci ilin dünya çempionatının seçmə mərhələsini komanda 3 xalla bitirib, 5 komanda arasında qrup sonuncusu olub.
2000-ci ilin Avropa çempionatının seçmə turnirini Azərbaycan 4 xalla, 6 komanda arasında 5-ci sırada bitirib.
2002-ci ilin dünya çempionatının seçmə mərhələsində Azərbaycan 5 xal toplayıb, 6 komanda arasında autsayder olub.
2004-cü ilin Avropa çempionatının seçmə mərhələsini milli komanda 4 xalla bitirib, 5 komanda arasında son pilləni tutub.
2006-cı ilin dünya çempionatının seçmə mərhələsini milli komanda 3 xalla, 6 komanda arasında axır sırada başa vurub.
2008-ci ilin Avropa çempionatının seçmə mərhələsində komanda 5 xal toplayıb, 8 komanda arasında sonuncu olub.
2010-cu ilin dünya çempionatının seçmə mərhələsini Azərbaycan 5 xalla, 6 komanda arasında 5-ci sırada bitirib.
2012-ci ilin Avropa çempionatının seçmə mərhələsində 7 xal toplayan Azərbaycan 6 komandalıq qrupda 5-ci olub.
2014-cü ilin dünya çempionatının seçmə mərhələsində yığma komanda 9 xal toplayıb, 6 komanda arasında 4-cü yeri tutub.
2016-cı ilin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan 6 xal toplayıb, 6 komanda arasında 5-ci olub.
2018-ci ilin dünya çempionatının seçmə mərhələsində Azərbaycan 10 xal toplayıb, 6 komanda arasında 5-ci yeri götürüb.
2018-ci il UEFA Millətlər Liqasının ən aşağı divizionunda – D divizionunda Azərbaycan 4 komandalıq qrupu 9 xalla 2-ci sırada bitirib.
2020-ci ilin Avropa çempionatının seçmə mərhələsində yığma 1 xal toplayaraq 5 komandalıq qrupda sonuncu olub.
Azərbaycan milli komandasına 1992-1993-cü illərdə Ələkbər Məmmədov, 1994-1995-ci illərdə Ağasəlim Mircavadov, 1995-1996-cı illərdə Kazbek Tuayev, 1997-1999-cu illərdə Vaqif Sadıqov, 1999-2000-ci illərdə Əhməd Ələsgərov, 2000-2001-ci illərdə İqor Ponomaryov, 2002-2004-cü illərdə Əsgər Abdullayev, 2004-2005-ci illərdə Karlos Alberto Torres, 2005-2007-ci illərdə Şahin Diniyev, 2008-2014-cü illərdə Berti Foqts, 2014-2017-ci illərdə Robert Prosineçki, 2017-2018-ci illərdə Qurban Qurbanov, 2019-cu ildə Nikola Yurçeviç baş məşqçilik edib.
2020-ci il iyulun 10-da italyan mütəxəssis Canni De Byazi baş məşqçi təyin olunub.