İyulun 11-də Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin birgə məlumatı yayılıb. Qeyd olunur ki, 2020-ci ildən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılmasına başlanıb: “Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və mənimsənməsində əsaslı şübhələr olduğundan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri keçirib. Kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib. Həmin şəxslər ətrafında kompleks əməliyyat tədbirləri hazırlanaraq həyata keçirilib, onların cinayət əməlləri qeydə alınaraq zəruri sübutlar toplanıb.
Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər. Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və başqa rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.
İlkin araşdırmalarla o da müəyyən olunub ki, dəstə üzvlərinin yaratdığı “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində 2000-dən çox fermerə məxsus subsidiya kartları toplanıb. Daha sonra kartlardakı pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40 faiz ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5 milyon manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq mənimsənib.
Əməliyyat zamanı dəstə başçılarının istifadə etdikləri ofislərə, avtomaşınlara və qeyri-yaşayış sahələrinə baxış zamanı çoxsaylı fermer kartları, külli miqdarda nağd pul, kartlardan vəsaitlərin yerində silinməsi üçün istifadə edilən mini POS-terminallar, elektron məlumat daşıyıcıları, kart sahibi olan fermerlərin siyahıları və sair maddi sübutlar aşkar olunaraq götürülüb.
Saxlanan şəxslər barəsində cinayət işi başlanıb. Dəstə üzvləri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq və əməliyyat tədbirləri davam etdirilir”.
Fermerlərin kart hesablarına köçürülən subsidiyaların nağdlaşdırılması və başqa təyinatlar üzrə istifadəsi qadağan olunub. Həmin vəsaitdən kənd təsərrüfatı ilə məşğul olan şəxslər yalnız nağdsız ödəmələr etməklə gübrə, toxum və aqrar sektorda istifadə olunan sair məhsullar əldə edə bilərlər.