İyulun 11-də Mərkəzi Bankın və Əmanətlərin Sığortalanması Fondunun birgə məlumatı yayılıb. Məlumatda “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBCBank” banklarının lisenziyalarının ləğv edildiyi, onların məhkəmə qərarı ilə müflis elan olunduğu xatırladılır. Qeyd olunur ki, 1 iyun 2020-ci ildən “Atabank” və “Amrah Bank”da 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, 1 iyul 2020-ci ildən 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənməsinə başlanıb.
16 iyun 2020-ci ildən “AGBank” və “NBCBank”da 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların ödənməsinə start verildiyi, 15 iyul 2020-ci ildən 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların ödənməsinə başlanacağı bildirilir.
Hesabata görə, indiyədək 12,9 min əmanətçiyə 229,7 milyon manat məbləğində kompensasiya ödənib.
Həmçinin vurğulanır ki, əmanətlərin qəbulu zamanı pozuntulara və nöqsanlara yol verildiyi, qorunan əmanətlərin həcminin artırılması faktları üzə çıxdığı üçün bəzi müqavilələr üzrə kompensasiya ödənişi dayandırılıb, məsələyə Konstitusiya Məhkəməsində baxılması təşəbbüsü qaldırılıb.
Qanuna görə, illik faiz dərəcəsi milli valyutada 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətlər tam sığortalanıb.
Nazirlər Kabineti mətbuat xidmətinin 11 iyul məlumatına görə, baş nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib: “Əmanətlərin Sığortalanması Fondunun “Atabank”, “NBCBank” və “AGBank” banklarında olan əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Konstitusiya Məhkəməsinin şərh verməsi üçün Nazirlər Kabinetinə müraciəti öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərar alınıb. Sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır”.
“Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.2.6-cı maddəsində illik faiz dərəcəsi milli valyutada 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olan əmanətlər nəzərdə tutulur.
Bağlanan banklarda nə qədər qorunan əmanət var?
Qorunan əmanətlər necə ödənəcək?
Bağlanan bankların əmanətçilərinə müraciət