Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində apardığı auditin nəticələrini açıqlayıb. Rəsmi məlumata görə, dövlət büdcəsindən komitəyə ayrılan vəsaitlərin icrası yoxlanarkən müəyyən edilib ki, malların (işlərin və xidmətlərin) satın alınması zamanı 118,5 min manatlıq malların ehtimal olunan qiymətləri müəyyənləşdirilməyib, aparat xərcləri üzrə satınalma keçirilmədən 20,2 min manat vəsait xərc edilib, həmçinin 9,3 min manat məbləğin xərc paraqrafları, 35,5 min manat məbləğin isə funksional təyinatı dəyişdirilərək xərc edilib, Qobustan rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin içməli su təminatını “Azərsu” ASC həyata keçirdiyi halda özəl təşkilata 8,5 min manat xidmət haqqı köçürülüb.
Auditə əsasən, 2019-ci ilin dekabr ayında 33 manat vahid aylıq müavinət alan 10741 nəfər məcburi köçkünün adı kommunal xərclər ödənən məcburi köçkünlərin adlı siyahılarında, sıx məskunlaşma yerlərində yaşayan 9879 nəfər məcburi köçkünün adı vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilməyib, 2910 nəfər məcburi köçkünün adı həm kommunal xidmət haqları dövlət hesabına mərkəzləşmiş qaydada ödənən kontingent üzrə adlı siyahılara, həm də kommunal xidmət haqlarını özləri ödəyən məcburi köçkünlərin adlı siyahılarına salınıb, 60 manat məbləğində aylıq müavinət alanların siyahısında göstərilmiş 433 nəfər üzrə 201,7 min manat müxtəlif kommunal xidmətləri haqqı ödənib.
Hesabata əsasən, 2019-cu ilin dekabr ayı üzrə kommunal xidmət haqları dövlət hesabına mərkəzləşdirilmiş qaydada ödənən 665 məcburi köçkünə 33 manat əvəzinə 60 manat aylıq müavinət ödənməsi nəticəsində 287 min manat artıq vəsait xərclənib, bir sıra hallarda müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilmiş müavinətin aylıq məbləği ilə onların bank filiallarında açılmış plastik kart hesablarına köçürülmüş aylıq məbləğlər arasında fərqlər müəyyən edilib: “40 məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra da müavinət ödənişləri davam etdirilərək 9588,9 manat, qanunvericilikdə nəzərdə tutulmadığı halda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alan 261 məcburi köçkünə 248,8 min manat, aktiv sahibkarlıqla məşğul olduqları dövrlərdə 471 nəfər məcburi köçkünə 96,8 min manat vahid aylıq müavinət ödənib, ayrıca yaşayış sahəsi əldə edən 1513 nəfər məcburi köçkünə vahid aylıq müavinət ödənişi dayandırılmayıb.
Nazirlər Kabinetinin qərarı olmadan komitə əlavə 3 mənzil kommunal istismar sahəsi (MKİS) yaradılaraq onların saxlanmasına 730 min manat, qanunvericilikdə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulmadığı halda MKİS-lərdə 110 çilingər-santexnik və 94 xarrat-rəngsaz ştat vahidi təsdiq edilərək əməkhaqqı ödənib, komitənin Mənzil İstismar Departamentində nəqliyyat vasitələrinə normadan artıq 17,4 min manat dəyərində ehtiyat hissələri silinib, MKİS-lər qanunvericiliklə müəyyən edilmiş norma ilə nəzərdə tutulmayan 16,2 min manat dəyərində malların alışını həyata keçirib, müqavilə üzrə nəzərdə tutulmuş işlərin vaxtında yerinə yetirilməməsinə baxmayaraq podratçı təşkilata 14,5 min manat cərimə məbləği hesablanmayıb, qeyri-əhali qrupları üzrə məişət tullantısının yığılması və daşınmasına görə 1601,2 manat artıq vəsait ödənib, çoxmənzilli yaşayış binalarında məcburi köçkünlərə lift xidməti üzrə hesablaşmalarda 3737,23 manat əlavə dəyər vergisi məbləği nəzərə alınmayıb, mobil telefon ötürücü antena qurğularının quraşdırılması xidmətinə görə dövlət büdcəsinə 2256,6 manat az icarə haqqı ödənib.
Məcburi köçkünlər üçün salınmış şəhərciklərdə 577,4 min manat məbləğində mənzil haqqının və bərk məişət tullantılarının yığılması və daşınmasına görə 862,8 min manat xidmət haqqının yığılması və uçota alınması təmin edilməyib, sakinlərə göstərilən kommunal xidmətlərə görə 126 min manat xidmət haqqı düzgün olmayaraq büdcə vəsaiti hesabına ödənib, məcburi köçkünlərin yeni salınmış qəsəbə və şəhərciklərə köçürmə işlərinə görə 40,2 min manat artıq vəsait ödənib, MKİS-lərdə 18 min manat dəyərində inventar çatışmazlığı aşkar edilib, Mənzil İstismar Departamenti üzrə normadan artıq 2018-ci ildə 16 ədəd, 2019-cu ildə 14 ədəd xidməti nəqliyyat vasitəsi saxlanaraq 37,7 min manat büdcə vəsaiti xərc edilib.
Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə komitə ümumilikdə 109,2 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpasını təmin edib, digər artıq ödəmələrin bərpası və müavinət alan şəxslərin siyahılarının dəqiqləşdirilməsi üzrə işlər aparılır”.