İyulun 9-da fərman imzalayan prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nizamnaməsinə dəyişiklik edib. Sənədin 3.1.22-ci yarımbəndi ləğv olunub. Həmin yarımbəndə əsasən, agentlik avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda həmin işləri lisenziya alınmadan yerinə yetirə bilərdi.
Başqa bir fərmanla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı təsdiqlənib.
Novator.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nizamnaməsi prezidentin 19 dekabr 2017-ci il fərmanı ilə rəsmiləşib. Nizamnaməsinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir. İdarə Heyətinin tərkibi prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və iki sədr müavinindən ibarətdir. Quruma Saleh Məmmədov sədrlik edir.