İyulun 8-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 44,46 dollara yüksəlib. Xəbəri yayan Energetika Nazirliyi London birjasında brent markalı neftin barrelinin 42,92 dollara, Nyu-York birjasında layt markalı neftin barrelinin 40,43 dollara təklif olunduğunu bildirir.
Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02 dollarla başlayıb.
Bu il neft koronavirus pandemiyasının yaratdığı iqtisadi qapanmalar üzündən kəskin ucuzlaşıb. Aprelin 12-də iri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) gündəlik hasilatı mərhələlərlə azaltmaq razılığına gəliblər.
Beynəlxalq razılaşmaya görə, 2020-ci ilin mayından Azərbaycanın gündəlik neft hasilatı 554 min barrel, avqustundan 587 min barrel, 2021-ci ilin yanvar ayından 620 min barrel olmalıdır.