İyulun 6-da Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə məlumatı yayılıb. Qeyd olunur ki, ölkənin bəzi şəhər və rayonlarında sərt karantin rejimi üzündən ümumi təhsil pilləsində şagirdlərin yekun attestasiyası (buraxılış imtahanları) təxirə salınıb.
Koronavirus pandemiyasına görə tətbiq edilən sərt karantin rejimi iyunun 21-dən Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunu, iyulun 5-dən həm də Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarını əhatə edir.
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi bildirir ki, qaydalara əsasən, məzunlara ümumi təhsil haqqında dövlət sənədi yekun attestasiyanın keçirilməsi prosesi başa çatdıqdan sonra təqdim edilir: “Lakin mövcud vəziyyət tam orta təhsil səviyyəsini bitirmiş və təhsillərini xarici ölkələrdə davam etdirmək niyyətində olan məzunlar üçün çətinliklər yarada bilər. Məzunların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul prosesində iştirakı üçün attestatın təqdim edilməsi tələb olunur. Bəzi xarici ölkələrin təhsil müəssisələrinə tələbə qəbulu prosesi yaxın dövrdə yekunlaşacaq. Təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb”.
Xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar iyulun 6-dan başlayaraq təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala bilərlər. Həmin şəxslərin attestatlarına buraxılış imtahanı qiymətlərinin də yazılmasını istədikləri təqdirdə sentyabr ayında keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak hüququ olacaq.
Birgə məlumatda xatırladılır ki, iyunun 10-dan başlayaraq bütün şəhər və rayonlarda 9 illik və 11 illik orta təhsil səviyyəsi üzrə hər həftə iki dəfə olmaqla buraxılış (qəbul) imtahanları keçirilib, həmin imtahanlarda 133 min 338 məzun iştirak edib.
Xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlarda buraxılış (qəbul) imtahanlarının sanitar-epidemioloji vəziyyətdən asılı olaraq təşkil ediləcəyi vurğulanır.
9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Onların sentyabr ayında yenidən buraxılış imtahanlarının təşkil olunması nəzərdə tutulur.