AXCP fəalı Faiq Rəşidov iyulun 6-da azadlığa çıxır. Novator.az bildirir ki, iyunun 26-sı İsmayıllı şəhərində tutulan fəal 10 sutka inzibati həbs cəzası alıb. İsmayıllı Rayon Məhkəməsinin 27 iyul qərarında cəbhəçinin internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirməkdə təqsirli bilindiyi göstərilib.
“Turan”ın məlumatına görə, AXCP-nin başqa bir üzvü Qaçay Qafarova iyulun 6-da 30 sutkalıq inzibati həbs cəzası kəsilib. Göyçay Rayon Məhkəməsi qərarı polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə çıxarıb.
Qaçay Qafarov iyulun 4-də Göyçayın Yalman kəndində tutulub. AXCP həbsi fəalın sosial şəbəkələrdəki tənqidi çıxışları ilə bağlayır.
Martın 22-dən başlayaraq daha 16 AXCP fəalı müxtəlif inzibati xətalar üzrə (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək, xırda xuliqanlıq) həbs cəzası alıb.
Faiq Əmirli və Ruslan Əmirov iki dəfə tutularaq hər biri üst-üstə 45 sutka (əvvəl 30, sonra 15 sutka) cəza çəkib.
Anar Məlikov 10 sutka, Şəmsi Kəsəmənli 15 sutka, Vüqar Əbilov 20 sutka, Sərdar Qubadsoy 25 sutka, Nicat Abdullayev, Baba Süleyman, İslam İslamzadə, Əvəz Əhmədov, Arif Babayev, Elvin Məmmədov, Ramid Nağıyev, Əliağa Məmmədov (Əli İmanxanlı) və Elxan Əliyev 30 sutka həbsdə olublar.
Niyaməddin Əhmədova 30 sutka inzibati həbsdən sonra terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Son vaxtlar daha 3 cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub.
Martın 24-ü Zamin Salayevə qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.
Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub, böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Aprelin 13-ü “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.
Mayın 16-sı tutulan Səid Məmmədzadəyə (Bakuvi) bıçaqla xəsarət yetirmək ittihamı verilib, mayın 18-də onun barəsində həbs qətimkan tədbiri seçilib.
Sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınan Aqil Hümmətov isə məhkəmə qərarı ilə məcburi müalicəyə cəlb olunaraq aprelin 2-dən iyulun 2-dək Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasında saxlanıb.
1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib. 2000-ci ildən partiyaya Əli Kərimli rəhbərlik edir.
Milli azadlıq hərəkatının öncül şəxslərindən olan 1965-ci il təvəllüdlü Əli Kərimli Xalq Cəbhəsinin hakimiyyəti zamanı (1992-1993) əvvəl Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, sonra dövlət katibi postlarını tutub.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.