Əmanətlərin Sığortalanması Fondu Nazirlər Kabinetinə məktub göndərib.
İyulun 6-da yayılan açıqlamada bildirilir ki, maliyyə bazarlarına nəzarət orqanı ləğv prosesində olan “AGBank”, “Atabank” və “NBCBank” banklarında fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərini dəyişdirmək yolu ilə qorunan əmanət statusuna aid edilməsi əməliyyatlarının dayandırılmasına dair təshih tədbirləri tətbiq edib.
Maliyyə bazarlarına nəzarət Mərkəzi Bankın səlahiyyətindədir.
Xəbərə görə, təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq banklar əmanətlər qəbul edib, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsi əməliyyatlarının həyata keçirilməsi müəyyən olunub: “ Həmçinin “Atabank”a təyin olunmuş müvəqqəti inzibatçı əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət kimi qeydə alıb. Bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Nazirlər Kabinetinə məktub ünvanlanıb”.
Novator.az bildirir ki, Mərkəzi Bank “Atabank”ın, həmçinin “Amrah Bank”ın lisenziyalarını aprelin 28-də, “AGBank”la “NBCBank”ın lisenziyalarını mayın 12-də ləğv edib.
Qanuna görə, illik faiz dərəcəsi milli valyutada 10 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətlər tam sığortalanıb. Əmanətlərin Sığortalanması Fondu 1 iyun 2020-ci ildən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsini 12 faizə qaldırıb.
“Atabank” və “Amrah Bank” əmanətçilərinə kompensasiyaların ödənməsinə iyunun 1-dən başlanıb. Kompensasiyalar nağdsız qaydada “Kapital Bank”ın adlı debet kartları və “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə 35 filialda verilir.
“AGBank” və “NBCBank” əmanətçilərinə kompensasiyaların ödənməsi iyunun 16-da start götürüb. Kompensasiyalar nağdsız qaydada Azərbaycan Beynəlxalq Bankının adlı debet kartları vasitəsilə 20 filialda ödənir.
Son hesabata görə, Əmanətlərin Sığortalanması Fondu dörd bankın 11,3 min əmanətçisinə qorunan əmanətlər üzrə 181,4 milyon manat kompensasiya ödəyib.
Bağlanan banklarda nə qədər qorunan əmanət var?
Qorunan əmanətlər necə ödənəcək?