Rusiyanın Mərkəzi Seçki Komissiyası konstitusiya dəyişikliyi referendumunda istifadə olunmuş bülletenlərin sayılmasını bitirib. Novator.az-ın məlumatına görə, iyulun 2-si səhər bəyan olunub ki, ümumxalq səsverməsinə qatılanların 77,9%-i ana qanunda yeniliklər layihəsini dəstəkləyib.
Referendum iyulun 1-də keçirilib, ancaq vətəndaşlara iyunun 25-dən başlayaraq səs vermək imkanı yaradılıb.
Ümumxalq səsverməsində seçicilərin 65%-ə yaxınının iştirak etdiyi açıqlanıb.
Ana qanunda yeniliklər layihəsi ölkədə azı 25 il daimi yaşamamış, başqa ölkənin vətəndaşı olmuş və ya xaricdə daimi yaşamaq hüququ almış şəxsin Rusiya prezidenti postuna namizədliyinə, dövlət qulluqçularının başqa ölkənin vətəndaşı olmasına və xaricdə daimi yaşamaq hüququ əldə etməsinə yasaq qoyur.
Layihəyə əsasən, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Ancaq bu norma yenilik qüvvəyə minəndən sonra prezident seçiləcək şəxslərə şamil olunur və indiki dövlət başçısı Vladimir Putin növbəti iki prezident seçkisinə qatılmaq, 2036-cı ilə qədər postda qalmaq imkanı əldə edir.
Digər təklifə əsasən, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri Dövlət Duması təyin edəcək.
Federasiya Şurası xarici işlər, müdafiə, ədliyyə, daxili işlər, fövqəladə hallar nazirlərinin, baş prokurorun və onun müavinlərinin təyinatına razılıq vermək səlahiyyətləri alır.
Başqa yenilik təkliflərinə əsasən, pensiyaları mütəmadi indeksləşdirmə qaydası, həmçinin minimum əməkhaqqının ölkə üzrə yaşayış minimumundan aşağı olmasının yolverilməzliyi konstitusiyaya norma kimi salınır.
1952-ci il təvəllüdlü Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub.
1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.
2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib, 2018-ci ilin seçkisində postunu qoruyub. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.