İyulun 2-də prezident İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfransda bir araya gəlib. AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən İlham Əliyev deyib ki, Azərbaycanı Əfqanıstan və Türkmənistanla sıx əlaqələr birləşdirir: “Dövlət başçıları səviyyəsində həyata keçirilmiş çoxsaylı qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimiz bu əlaqələrin inkişafına mühüm töhfə verib. Azərbaycan 2002-ci ildən NATO-nun Əfqanıstanda sülhməramlı missiyalarında iştirak edir. Biz Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasına hərbi qüvvə, multimodal tranzit, təlim və maliyyə yardımı təminatı ilə töhfə vermişik. Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı 2018-ci ildə 30 faiz artırılaraq 120 nəfərə çatdırılıb.
Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılıb. 2018-ci ildə 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Gələcəkdə bu limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər.
Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi tikilib, 140 gəminin və platformaların təmiri həyata keçirilib. Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilir. 2021-ci ildə əlavə gəmilərin tikilməsi nəzərdə tutulub. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət edəcək.
Azərbaycan eyni zamanda avtomobil yollarının inkişafına böyük əhəmiyyət verir. Son 16 ildə Azərbaycanda 16 min kilometr avtomobil yolu çəkilib. Azərbaycanda 6 beynəlxalq hava limanı tikilib.
2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. Bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola “Dəmir İpək yolu” deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.
Ölkə daxilində dəmir yolu infrastrukturu yenilənir. Şərq-Qərb nəqliyyat dəhlizi artıq tam şəkildə fəaliyyət göstərir. 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınıb. Bu ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatıb. Azərbaycan eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılıb. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınıb.
Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə edib. Mənim 2018-ci ilin noyabr ayında Türkmənistana rəsmi səfərim zamanı imzalanmış 21 sənəd arasında 9 sənəd nəqliyyat sektoruna aiddir. 2020-ci ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə 1,5 milyon tondan çox yük aşırılıb. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. Aşırılan quru yükün həcmi 7,7 dəfə artaraq 370 min tondan çox olub. Türkmənistan tərəfi limanda tikilməsi nəzərdə tutulan gübrə terminalının idarə olunması üzrə yaradılacaq konsorsiumda iştiraka dəvət edilib.
Lapis Lazuli marşrutunun 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklər Türkmənistandan Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlanıb. 2018-ci ilin dekabr ayında Əfqanıstandan yola salınan ilk sınaq yükü 12 gün ərzində Bakı limanına çatdırılıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vasitəsilə Əfqanıstan istiqamətində və əks istiqamətdə 55,5 min ton yük daşınıb. Azərbaycan yük təyyarələri ilə həmin dövrdə ölkəmizə və digər ölkələrə məxsus 12 min tona yaxın yükü Əfqanıstana çatdırıb. Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib.
Azərbaycan Əfqanıstan və Türkmənistanla çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyir”.