Ədliyyə Nazirliyi Tural Abbaslının rəhbərlik etdiyi siyasi qurumu Ağ Partiya kimi tanıyıb.
Novator.az bildirir ki, 1993-cü ildə qeydiyyata alınan Vahid Azərbaycan Partiyası 2016-cı ildə qurultay keçirərək adını dəyişib, Ağ Partiya elan edilib, sabiq müsavatçı Tural Abbaslı sədr seçilib, ancaq qurultayın nəticələri dövlət reyestrinə alınmayıb.
Ədliyyə Nazirliyinin 30 iyun məlumatına görə, Ağ Partiyanın, eləcə də Milli Vəhdət Partiyası (sədri Yunus Oğuzdur) və Azərbaycan Milli Demokrat Partiyasının (sədri Tufan Kərimdir) təsis və digər sənədlərinə edilmiş dəyişikliklər qeydiyyata alınıb, partiyalara dövlət reyestrindən çıxarışlar verilib.
Novator.az xatırladır ki, aprelin 16-da Azad Demokratlar Partiyası (sədri Sülhəddin Əkbərdir) və Yeni Zaman Partiyası (sədri Musa Ağayevdir), mayın 7-də Cümhuriyyət Xalq Partiyası (sədri Bədrəddin Quliyevdir) və Müstəqil Xalq Partiyası (sədri Əflan İbrahimovdur) dövlət qeydiyyatına alınıb.
Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır.
İndiyədək 59 partiya dövlət qeydiyyatına alınıb.
1992-ci il iyunun 3-də siyasi partiyalar qanunu qəbul ediləndən bəri ən çox partiyanın dövlət qeydiyyatına alındığı il həmin il olub. 1992-ci ildə 10 partiya dövlət qeydiyyatına götürülüb.
1993-ci ildə 8 partiya, 1994-cü ildə 5 partiya, 1995-ci ildə 7 partiya, 1998 və 1999-cu illərin hər birində 3 partiya, 2000-ci ildə 2 partiya, 2002-ci ildə 4 partiya, 2005-ci ildə 8 partiya, 2007-ci ildə 2 partiya, 2008, 2009 və 2011-ci illərin hər birində 1 partiya rəsmiləşib.