2020-ci il iyunun 1-nə 1 milyard 84,8 milyon manatlıq problemli kredit rəsmiləşib. Novator.az bildirir ki, Mərkəzi Bank belə hesabat yayıb.
Rəsmi statistikaya əsasən, 2020-ci ilin əvvəlinə 1 milyard 273,1 milyon manatlıq ödəniş vaxtı keçmiş kredit olub. Beş ayda problemli kreditlər 188,3 milyon manat azalıb.
2011-ci ilin əvvəlinə vaxtında qaytarılmayan kreditin məbləği 492,9 milyon manat göstərilib. 2012-ci ilin əvvəlinə məbləğ 633,8 milyon manata, 2013-ci ilin əvvəlinə 748,8 milyon manata, 2014-cü ilin əvvəlinə 792,8 milyon manata qalxıb.
2015-ci ilin əvvəlinə problemli kreditlərin 976,3 milyon manat həddində olduğu açıqlanıb.
2015-ci il fevralın 21-də və dekabrın 21-də baş vermiş iki devalvasiya ilə ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib. Bu, problemli kreditlərin artımına rəvac verib.
2016-cı ilin əvvəlinə 1 milyard 508,5 milyon manat məbləğində problemli kredit qeydə alınıb.
2017-ci ilin əvvəlinin göstəricisi 1 milyard 472,6 milyon manat olub.
2018-ci ilin əvvəlinə ödəniş vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manat, 2019-cu ilin əvvəlinə 1 milyard 585 milyon manat göstərilib.
Prezident İlham Əliyevin 28 fevral 2019-cu il fərmanı fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə gecikən borclar üçün devalvasiya kompensasiyaları nəzərdə tutub. Fərmana əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik, həmin il dekabrın 21-nə xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik kompensasiya ödənib.