İyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Novator.az bununla bağlı tarixi arayışı diqqətə çatdırır.
1991-ci il avqustun 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul edir.
Sentyabrın 5-də prezident Ayaz Mütəllibov Müdafiə Nazirliyinin yaradılması haqqında fərman imzalayır, Valeh Bərşadlı nazir təyin olunur.
Oktyabrın 9-da “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun qüvvəyə minir.
Oktyabrın 18-də parlament dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edir, Azərbaycan Respublikası 1918-ci il mayın 28-də qurulan, 1920-ci il aprelin 28-də süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunur.
Dekabrın 11-də Valeh Bərşadlı müdafiə naziri vəzifəsindən azad edilir, bu posta Tacəddin Mehdiyev gətirilir.
Dekabrın 29-da dövlət müstəqilliyi haqda konstitusiya aktı referendumla təsdiqlənir.
1992-ci il fevralın 17-də Tacəddin Mehdiyev müdafiə naziri vəzifəsindən götürülür, nazir vəzifəsinin icrası müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi Şahin Musayevə həvalə edilir.
Fevralın 24-də Tahir Əliyev müdafiə naziri təyin olunur.
Martın 6-da prezident Ayaz Mütəllibov istefa verir, dövlət başçısı səlahiyyətləri parlament sədri Yaqub Məmmədova keçir.
Martın 17-də Tahir Əliyev müdafiə naziri postundan çıxarılır, bu vəzifəyə Rəhim Qazıyev təyinat alır.
Mayın 18-də Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlir, İsa Qəmbər parlament sədri seçilərək prezident səlahiyyətlərini icra edir, həmin gün müdafiə naziri Rəhim Qazıyev eyni zamanda baş nazirin birinci müavini təyin olunur.
İyunun 7-də Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy prezident seçilir, iyunun 17-də səlahiyyətlərinin icrasına başlayır.
Sentyabrın 18-də prezident Əbülfəz Elçibəy fərman imzalayaraq 9 oktyabrı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edir.
1993-cü il fevralın 20-də Rəhim Qazıyev baş nazirin birinci müavini-müdafiə naziri vəzifəsindən çıxarılır.
Fevralın 21-də Dadaş Rzayev müdafiə naziri təyin edilir.
1993-cü ilin iyun ayında hərbi-siyasi qiyam hakimiyyətin dəyişməsi ilə nəticələnir. İyunun 15-də Heydər Əliyev parlament sədri seçilir.
İyunun 17-də Dadaş Rzayev müdafiə naziri vəzifəsindən götürülür, nazir vəzifəsinin icrası müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi Səfər Əbiyevə həvalə edilir.
İyunun 24-də Milli Məclis Əbülfəz Elçibəyi prezident səlahiyyətindən məhrum edən qərar çıxarır, prezident səlahiyyətləri Heydər Əliyevə keçir.
Avqustun 29-da keçirilən referendumda Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi rəsmiləşir.
Sentyabrın 2-də Məmmədrəfi Məmmədov müdafiə naziri təyin olunur.
Oktyabrın 3-də Heydər Əliyev prezident seçilir.
1995-ci il fevralın 6-da Məmmədrəfi Məmmədov müdafiə naziri vəzifəsindən azad edilir. Həmin gün Səfər Əbiyev nazir postuna gətirilir.
1998-ci il mayın 22-də prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci ildə ilk ordu hissəsi – əlahiddə Azərbaycan korpusu yaratdığı əsas götürülərək iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunur.
Azərbaycan Konstitusiyasına görə, Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.
Azərbaycan Ordusuna müdafiə naziri komandanlıq edir.
1991-ci ildən bəri 8 müdafiə naziri olub. Birinci nazir Valeh Bərşadlı 3 ay 6 gün, ikinci nazir Tacəddin Mehdiyev 2 ay 6 gün, üçüncü nazir Tahir Əliyev 22 gün postda qalıb.
Dördüncü nazir Rəhim Qazıyev 11 ay 3 gün, beşinci nazir Dadaş Rzayev 3 ay 27 gün, altıncı nazir Məmmədrəfi Məmmədov 1 il 5 ay 4 gün komandanlıq edib.
Yeddinci nazir Səfər Əbiyev 18 il 8 ay 16 gün ordunun başında dayanıb. O, 1995-ci ildəki ilk təyinatdan sonra 1998-ci (prezident Heydər Əliyevin sərəncamı ilə), 2003-cü, 2008-ci illərdə (prezident İlham Əliyevin sərəncamları ilə) nazir postunu qoruyub.
22 oktyabr 2013-cü ildən müdafiə naziri postunu Zakir Həsənov tutur. Onu prezident İlham Əliyev nazir təyin edib və 2018-ci il aprelin 21-də postda saxlayıb.
1959-cu il təvəllüdlü Zakir Həsənov Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının akademik idarəetmə kurslarında təhsil alıb.
1993-2003-cü illərdə Azərbaycanın Sərhəd Qoşunlarında xidmət keçib, 2003-2013-cü illərdə daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı olub.
General-polkovnikdir.