AZƏRTAC prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin iyunun 25-i Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin açılışındakı çıxışının mətnini yayıb. Mingəçevirdə açılan, ümumi ərazisi 11 hektardan çox olan hərbi hissə ilə tanışlıqdan sonra Müdafiə Nazirliyinin rəhbər işçiləri ilə operativ müşavirə keçirib, həmçinin hərbçilərlə görüşüb.
Dövlət başçısı deyib ki, son illər ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir: “Yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Mənim göstərişimlə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanıb. Maksimum il yarım, iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcək. Çünki əsgər və zabitlərin xidmət şəraiti onların döyüş qabiliyyətini artırır və eyni zamanda imkan verir ki, istənilən vəzifə icra edilsin. Ordu quruculuğu bizim üçün prioritet məsələdir. Çünki biz müharibə şəraitində yaşayırıq və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir.
Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə mənim göstərişimlə mənzillər verilir və bu proqram icra edilir. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara yaxşı mənzillər verilib. Mən bu yaxınlarda göstəriş verdim ki, bu ilin sonuna qədər əlavə 419 zabitə mənzillər verilsin. Beləliklə, bu proqramla əhatə olunan zabitlərin maksimum sayı təmin edilib. Mənə verilən son məlumata görə, təqribən 200-dən bir qədər çox zabit hələ növbədədir. Onların da mənzil problemləri həllini tapacaq.
Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir.
Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Ancaq biz müharibə şəraitində yaşayırıq və eyni zamanda görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq. Beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və biz buna artıq çoxdan başlamışıq. Məhz bunun nəticəsində bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Eyni zamanda mənim göstərişimlə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir.
Orduya, zabitə, əsgərə qayğı, məişət, xidmət şəraitinin yaxşılaşdırılması və ordumuzun silah-sursat, texnika ilə təchizatı, bir də döyüş qabiliyyətinin artırılması əsas amillərdir.
Əsas döyüş qabiliyyətimizdir. Bu istiqamətdə də lazımi addımlar atılır. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi. Biz böyük ərazini işğalçılardan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik.
Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq. Geosiyasi vəziyyətə daim nəzarət etməliyik. Beynəlxalq müstəvidə dəyişən vəziyyəti düzgün təhlil etməliyik və beynəlxalq aləmdə daha çox dost toplamalıyıq. Biz bunu da edirik. Bu gün beynəlxalq aləmdə Azərbaycanla dostluq edən ölkələrin sayı gündən-günə artır.
İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Bu məsələ ilə əlaqədar mən artıq bir neçə dəfə öz fikirlərimi bildirmişəm, o cümlədən xüsusilə beynəlxalq tədbirlər çərçivəsində. Avropa İttifaqının sonuncu Şərq tərəfdaşlığı zirvə görüşü çərçivəsində də bu məsələyə diqqət yetirdim. Biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar. Biz buna imkan verməyəcəyik, bunu hər kəs bilsin. Biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Avropa İttifaqının sonuncu Şərq tərəfdaşlığı zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətiriblər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Heç kimin bu haqda şübhəsi olmasın.
Bütövlükdə Ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə, öz müqəddəratını müəyyən etmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, onların erməni dövləti var, baxmayaraq ki, Azərbaycan torpağında yaradılıb. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik. Ərazi bütövlüyü prinsipi bu gün üstünlük təşkil edir. Ona görə bizim mövqeyimiz beynəlxalq hüquq, tarixi ədalət baxımından mükəmməldir. Əlbəttə ki, münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır”.