Avropa İnsan Hüquqları Məhkəməsi hüquqşünas Xalid Bağırovun şikayəti üzrə qərarını açıqlayıb.
Azərbaycanın Vəkillər Kollegiyası 2011-ci ildə Xalid Bağırovun vəkillik səlahiyyətinə 1 il müddətinə xitam verib. 2015-ci ildə isə Xalid Bağırov Vəkillər Kollegiyası üzvlüyündən çıxarılıb.
Xalid Bağırov hesab edir ki, onun cəzalandırılması hüquqi əsaslara söykənmir və məhkəmə sistemindəki nöqsanları, polis zorakılığını tənqid etməsi ilə bağlıdır.
Xalid Bağırov Vəkillər Kollegiyasının həm 2011, həm də 2015-ci ildə onun barəsində çıxardığı qərarlardan yerli məhkəmələrə şikayət edib. Şikayətlər təmin olunmayıb. Nəticədə Xalid Bağırov Avropa Məhkəməsinə üz tutub.
Avropa Məhkəməsinin 2020-ci il iyunun 25-də hər iki şikayət üzrə çıxardığı qərarda deyilir ki, Xalid Bağırovun Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit edilmiş ifadə azadlığı və şəxsi həyata hörmət olunması hüquqları pozulub.
Avropa Məhkəməsi Azərbaycan dövlətinin üzərinə Xalid Bağırova dəymiş mənəvi zərərə görə 18 min avro məbləğində təzminat ödəilməsi öhdəliyi qoyub.
“Turan”ın məlumatına görə, Avropa Məhkəməsi həmçinin Avropa Şurasının Nazirlər Komitəsinə Xalid Bağırovun hüquqlarını effektiv şəkildə bərpa etməyi tövsiyə edib.
Bu tövsiyə Xalid Bağırovun Vəkillər Kollegiyasının üzvlüyünə bərpa olunması məqsədilə verilib.