2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Novator.az bildirir ki, Energetika Nazirliyinin rəsmi hesabatına görə, hasilat 2019-cu ilin ilk beş ayı ilə müqayisədə təxminən 463 min ton azalıb.
5 ayda 12,6 milyon ton neftin (kondensatla birlikdə) ixrac edildiyi, bunun 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton az olduğu vurğulanır.
Energetika Nazirliyinin 24 iyun məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 44,72 dollara satılır.
Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14 dollarla başlayıb.
Bu il neft koronavirus pandemiyasının yaratdığı iqtisadi qapanmalar üzündən kəskin ucuzlaşıb. Aprelin 12-də iri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) gündəlik hasilatı mərhələlərlə azaltmaq razılığına gəliblər.
Beynəlxalq razılaşmaya görə, 2020-ci ilin may-iyul aylarında Azərbaycan gündəlik neft hasilatı 554 min barrel, iyuldan sonra 587 min barrel, 2021-ci ilin yanvar ayından 620 min barrel olmalıdır.