İyunun 21-də Müsavat Partiyası Divanının videokonfrans rejimində iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi durum və koronavirus pandemiyasının yayılması ilə bağlı vəziyyət müzakirə olunub.
Partiyadan Novator.az-a verilən məlumata görə, müzakirələrdə qeyd edilib ki, Azərbaycanda xüsusi karantin rejiminin avqustun 1-dək uzadılmasına və bəzi bölgələrdə sərtləşdirilməsinə baxmayaraq hakimiyyət aztəminatlı əhalinin onsuz da məhdud dairəsini əhatə edən təbəqəyə 190 manatlıq maddi yardımı dayandırıb.
İşsiz və xüsusi karantin rejimi üzündən işini itirən şəxslər aprel-may aylarında rəsmi yaşayış minimumu – 190 manat məbləğində birdəfəlik ödəmə alıb. Rəsmi hesabata əsasən, birdəfəlik ödəmə 600 min şəxsi əhatə edib.
Divanın 21 iyun iclasında Müsavatın 190 manatlıq müavinətin azı iyun və iyul ayları ərzində, əhalinin daha geniş təbəqələrini əhatə etmək şərti ilə, ödənməsini istədiyi, orta və xırda biznesin xilası üçün xüsusi dövlət proqramı hazırlanıb həyata keçirilməsinin vacib olduğu vurğulanıb.
Müsavat Partiyası karantin rejimini sərtləşdirilməsi səbəbi ilə qapadılan böyük ticarət mərkəzlərində çalışan vətəndaşlara dövlətin ciddi dəstək olmasını, sahibkarların icarə haqlarında ciddi güzəştlər etməsini, bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılmasını da vacib sayır.
Kənd təsərrüfatında çalışan, xüsusilə mövsümi təsərrüfat məhsullarını bazara çıxarmaqda problemlər yaşayan, məhsulları sahələrdə qalan fermerlərə dövlət dəstəyinin verilməsinin zəruri olduğu da bildirilib.
İclasda hakimiyyətin Rusiyadan Azərbaycana qayıtmağa çalışan Azərbaycan vətəndaşlarına sahib çıxmaması və Rusiyada onlara qarşı keçirilən qəddar əməliyyat pislənib. Müsavat Partiyası Rusiyada həbs edilmiş 90-dan artıq Azərbaycan vətəndaşının dərhal azadlığa buraxılmasını, onlara zor tətbiq etmiş hüquq mühafizə orqanları əməkdaşlarının məsuliyyətə cəlb edilməsini, Azərbaycan hakimiyyətinin bu istiqamətdə təsirli tədbirlər görməsini istəyir.
Müzakirələr zamanı iyunun 19-da Nizami Rayon Məhkəməsinin partiya üzvü Tofiq Yaqublunun həbs müddətini iki ay uzatmasının əsassız olduğu vurğulanıb, onun və bütün siyasi məhbusların azadlığa buraxılması tələbi qoyulub.
Müsavat Divanına partiyanın başqanı Arif Hacılı, Məclisin sədri Nüşabə Sadıxlı, Almaz Əliqızı, Fəridə Ələsgərli, Könül Alı, Fərəc Kərimli, Gülağa Aslanlı, Hidayət İsmayıl, Mustafa Hacıbəyli, Nemət Kərimli, Osman Kazımov, Rafiq İsmayıl, Razim Əmiraslanlı, Səxavət Soltanlı və Yusif Tağı daxildir.