Mod.gov.az-ın 19 iyun məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə zonasında yerləşən yeni hərbi hissənin açılışında iştirak edib. Nazirə məruzə olunub ki, hərbi hissədə inzibati və xidməti binalar inşa edilib: “Ərazidə zabitlər və əsgərlər üçün yataqxana binaları inşa olunub. Hərbi hissənin ərazisində qarovul şəhərciyi və qarovul evi də tikilib.
Tibb məntəqəsi müasir tibbi avadanlıq, mebel və inventarlarla təmin edilib.
Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeməkxana binası müasir standartlara cavab verən qazanlar, sobalar, soyuducular və digər məişət texnikası, müvafiq mebel və inventarla təchiz olunub. Yeməkxanada soyuducu kamera otaqlarından ibarət ərzaq anbarı var.
Hamam-camaşırxana-qazanxana kompleksi də müasir avadanlıqlarla təchiz edilib.
Hərbi hissənin inzibati və xidməti binalarının isti su ilə təchizatı üçün nəzərdə tutulan qazanxanada müasir tipli qazanlar və nasoslar, fasiləsiz elektrik enerjisi ilə təminatı üçün isə generator qurğusu və transformator quraşdırılıb”.