Prezident İlham Əliyev iyunun 17-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti, Cənubi Qafqaz üzrə regional direktoru və digər nümayəndələri ilə videokonfransda bir araya gəlib. Rəsmi məlumata görə, dövlət başçısı Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb: “Sizin maliyyə dəstəyinizlə həyata keçirdiyimiz layihələrə göstərdiyi davamlı dəstəyə görə Dünya Bankına çox minnətdarıq. TANAP-a göstərdiyiniz dəstəyə görə xüsusi təşəkkürlər. Cənub Qaz Dəhlizi layihəsinin icrası sona yaxınlaşır. Ümidvarıq ki, bütün tikinti işlərini bir neçə aya tamamlayacağıq. Cənub Qaz Dəhlizinin ən mühüm hissələrindən olan TANAP-ın icrasına Dünya Bankının verdiyi töhfə yüksək qiymətləndirilir. Bu, digər bankların da layihəni dəstəkləməsi üçün yaxşı siqnal oldu.
İcra edilmiş layihələr bir çox sahəni əhatə edir. Ümumilikdə layihələrə 3,5 milyard dollardan çox vəsait ayrılıb. Gələcək üçün daha çox planımız, ölkənin müasirləşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və infrastruktura investisiya yatırılmasının davam etdirilməsi ilə bağlı planlarımız var. Əminəm ki, çox müsbət əməkdaşlığımız olacaq.
Mən özünüməşğulluq proqramı ilə bağlı dəstək göstərilməsinə dair müraciətimə dərhal cavab verdiyinə görə Dünya Bankına xüsusi minnətdarlığımı bildirmək istərdim. Həmin müraciət 2019-cu ilin yanvarında təqdim olunmuşdu və bir ildən də az müddət ərzində hazırlıq işlərini tamamlamışıq. Dünya Bankının özünüməşğulluq layihəsində iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində olacaq. Buna görə təşəkkür edirik. Bu il biz bu proqramla 15 minə yaxın adamı əhatə etməyi planlaşdırırıq”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan 2020-ci ilə iqtisadi artım göstəriciləri, yaxşı formada iqtisadi parametrlərlə birlikdə çox ümidverici başlanğıc edib: “Lakin bu ilin 5 ayı göstərir ki, bizim iqtisadiyyatımız 1,7 faiz azalıb. Bu, çox deyil. Lakin azalmadır. Amma kənd təsərrüfatında artım qeydə alınıb – 3 faizdən çox. Qeyri-enerji sənayesində artım 14 faiz təşkil edib. Ona görə də gələcək üçün bizim nəzərə aldığımız əsas məsələ şaxələndirməyə əsaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır.
İkincisi, iqtisadiyyatın artımı daha çox iş yerləri ilə müşayiət olunmalıdır. Azərbaycan əhalisi artan ölkədir. Biz 10 milyondan çoxuq. Əhali artır. Ona görə də xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var. Xüsusilə də yeni texnologiyalarla bir çox iş yeri artıq bazarda deyil. Yeni işlər peyda olur. Lakin bu yeni iş yerləri üçün bizim insanların xüsusi bacarıqları olmalıdır. Ona görə də bu iki əsas amil bizim hər zaman gündəliyimizdədir.
Birgə çalışdığımız digər layihələr arasında icbari tibbi sığortanı qeyd edərdim. Biz ölkə üzrə proqramı yanvardan başlamağı planlaşdırırdıq. Lakin koronavirus səbəbindən bunu gələn ilin yanvarına qədər təxirə salmalı olduq. Ancaq proqramın əhatə etdiyi bir neçə şəhərimiz var. Nəticələrimiz yaxşıdır. Ona görə də il bitməzdən qabaq düşünürəm ki, sizinlə müvafiq qaydada bu sistemin necə strukturlaşdırılmasının üzərində işləməyə davam edəcəyik.
Ciddi şəkildə diqqəti cəmlədiyimiz sahələrdən biri də suvarma və su təchizatı ilə bağlı məsələlərdir. Mən gələcək su idarəetmə sistemlərimiz üçün yol xəritəsini yaratmaq məqsədilə baş nazirin müavininin rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaratmışam, bir çox nazir bu komissiyanın üzvüdür. İnfrastrukturun çox hissəsinin istismar müddəti bitib. Bəzi ərazilərdə bizim 40, hətta 50 faiz su itkimiz olur, təsəvvür edin, su resurslarının çatışmadığı bir ölkədə. Xüsusilə ötən il bizdə ciddi quraqlıq oldu. Bu il də həmçinin. Bilirsiniz, sudan bu cür sui-istifadə qəbuledilməzdir. Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilk addımlarımızı bir və ya iki ay ərzində atmağı planlaşdırırıq. Ona görə də maliyyələşmə, nəzarət və məsləhətləşmə baxımından mən Dünya Bankını bizim tərəfdaşımız olmağa dəvət etmək istərdim.
Biz kənd təsərrüfatının rəqabət qabiliyyətini artırmalıyıq və necə irəliləməyimizlə bağlı anlayışımız olmalıdır. Təkcə öz resurslarımızla ehtiyaclarımızı təchiz etməli deyilik, həm də daha çox ixrac potensialımız olmalıdır. Bunun üçün mövcud ixrac bazarlarına da daha çox cəlb olunmalıyıq və yeni bazarlar haqqında düşünməliyik. Bunlar hamısı sonuncu reabilitasiya mərhələsində olan nəqliyyat və logistik infrastrukturla bağlıdır. Dünya Bankı sayəsində bu sahədə çox vacib layihələr icra etmişik. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizi üzərində çalışırıq. Çünki Şərq-Qərb artıq həyata keçirilib. Paytaxt şəhərdən şimal və cənub sərhədlərinə qədər dəmir yolu şəbəkəmizin reabilitasiyası… Dəmir yolu mövcuddur, lakin yeni yük həcmlərinə görə bizim müasirləşməyə ehtiyacımız var. Beləliklə, bu layihə də bizim gündəmimizə daxildir.
Mən həmçinin məhkəmə sistemimizə dəstəyinizə görə minnətdarlığımı bildirmək istərdim. Yeni məhkəmə binalarımızın açılış mərasimində iştirak etmişəm. Təkcə binalar deyil, həmçinin sistemlər, texnologiyalar… Bütün bu layihələr Dünya Bankının dəstəyi ilə həyata keçirilib.
Postpandemiya dövrü böhranını idarə etmək üçün bizim ölkə strategiyasına ehtiyacımız var. Çünki bizim iqtisadiyyatımızın bəzi sahələri ciddi şəkildə zərər çəkdi. Xüsusilə də yaxşı nəticələrimiz olan və son 4 ildə artımın olduğu turizm sahəsi. Pandemiyadan sonra biz bu sektoru canlandırmaq və Azərbaycanı yenidən xarici turistlər üçün cəlbedici etmək istiqamətində çox çalışmalıyıq. Çünki turizm sərbəst konvertasiya olunan valyuta yaradan sektorlardan biridir. Qeyri-neft və qeyri-qaz ixracından gələcək daha çox sərbəst konvertasiya olunan valyuta ehtiyatlarına ehtiyacımız var. Ona görə də kənd təsərrüfatı, turizm, texnologiya bizim diqqətimizi cəmlədiyimiz əsas sahələr olacaq”.