Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublunun həbs qətimkan tədbirinin iki ay uzadılması barədə vəsatət verib. Novator.az-ın məlumatına görə, vəsatətə iyunun 19-u Nizami Rayon Məhkəməsində baxılacaq. Proses hakim Rauf Əhmədovun sədrliyi ilə, qapalı keçiriləcək.
Tofiq Yaqublu martın 22-də tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun rəsmi məlumatına görə, Tofiq Yaqublu martın 22-də idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Bakının Nizami rayonunun Naxçıvanski küçəsində qaydaları pozub, Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə toqquşub.
Tofiq Yaqublunun həmin vaxt avtomobildən çıxaraq Elxan Cəbrayılovla mübahisə etdiyi, nalayiq ifadələr işlətdiyi, yumruqla onun baş nahiyəsinə və vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirdiyi, Elxan Cəbrayılovun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirdiyi bəyan olunub.
Martın 23-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Siyasətçi Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır.
1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.
Tofiq Yaqublu yenə həbsə gedir
Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək
Ev dustaqlığına da yox deyildi
Tofiq Yaqublu nədən narazıdır?