Baş Prokurorluğun mətbuat xidmətinin 17 iyun məlumatına görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundakı qanunsuzluqlar barədə Hesablama Palatasından daxil olmuş material Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb: “Araşdırma zamanı fondun vəzifəli şəxslərinin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitləri təyinatı üzrə istifadə etməməsi, tikinti norma və qaydalarını pozması, kütləvi informasiya vasitələrinə yardımları qanunsuz verməsinə əsaslı şübhələr müəyyən edilib. Daxil olmuş materiala əsasən, fondun xərclər smetasının icrası, proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsi, habelə fondun saxlanması xərcləri, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması, tikinti sahələrində pozuntular üzündən külli miqdarda artıq vəsait qanunsuz xərclənib.
Qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də araşdırmalar aparılır”.
Hesablama Palatasının 10 iyun məlumatında qeyd olunmuşdu ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri kollegiya iclasında müzakirə edilib, iş üzrə materiallar Baş Prokurorluğa göndərilib.
Novator.az bildirir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu il aprelin 3-də yaradılıb. 2009, 2013 və 2017-ci illərdə prezident İlham Əliyev Vüqar Səfərlini qurumun icraçı direktoru təyin edib.
1958-ci ildə doğulan Vüqar Səfərli Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini və Moskva Rabitə İnstitutunu bitirib.
Bakı Poçt Rabitəsi İstehsalat Birliyinin Qəzet-Jurnal Ekspedisiyası İdarəsinin rəisi, “Azərmətbuatyayımı” İstehsalat Birliyinin sədri olub.
2020-ci il aprelin 4-də prezident Vüqar Səfərlini icraçı direktor vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə Əhməd İsmayılov icraçı direktor təyin olunub.
Əhməd İsmayılov 1980-ci ildə doğulub. Bakı Dövlət Universitetini hüquqşünas, Dövlət İdarəçilik Akademiyasını dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisasları ilə bitirib.
Bakı Neft Energetika Kollecində müəllim, Ombudsman Aparatının vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, Nəqliyyat Nazirliyinin hüquq şöbəsində baş məsləhətçi vəzifələrində işləyib.
Dövlət Dəniz Administrasiyasında hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, aparat rəhbəri postlarında çalışıb, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini olub.
Yeni Azərbaycan Partiyasının üzvü, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin ekspertidir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuat orqanlarına dövlət büdcəsindən yardımların ayrılmasına məsuldur. Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binaların sifarişçisi də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu olub. İki bina 2013 və 2017-ci illərdə istifadəyə verilib, digəri inşa olunur.