Prezident İlham Əliyev kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiqinin qadağan olunması və onun məhvi qanununu imzalayaraq tətbiqinə fərmanlar verib. Novator.az bildirir ki, qanuna əsasən, kimyəvi silahın hazırlanması, istehsalı, əldə olunması, saxlanması, artırılması (yığılması), yaxud birbaşa və ya dolayı yolla onun başqa şəxslərə verilməsi; kimyəvi silahın tətbiqi; kimyəvi silahın tətbiq edilməsi ilə bağlı hərbi hazırlıq keçirmək və ya hər hansı hərbi hazırlıqda iştirak etmək; qadağan olunan fəaliyyət növünü həyata keçirmək məqsədilə hər hansı bir yolla başqa şəxslərə kömək etmək və ya onları təhrik etmək; ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı istifadə olunan kimyəvi vasitələrdən müharibənin aparılması vasitəsi kimi istifadə etmək yasaqdır.
Qadağa siyahısında “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” konvensiya ilə rəsmiləşmiş kimyəvi maddələrin konvensiyanın iştirakçısı olan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlətin ərazisindən tranziti də var.
Bu məqsədlər üçün həyata keçirilən fəaliyyətlərə yol verilir: kimyəvi maddələrdən sənaye, kənd təsərrüfatı, tədqiqat, tibbi, əczaçılıq, yaxud digər dinc məqsədlər üçün istifadə; kimyəvi silahlara və toksik kimyəvi maddələrə qarşı müdafiə ilə bilavasitə bağlı olan məqsədlər üzrə fəaliyyət; kimyəvi silahların tətbiqi və müharibənin aparılması vasitəsi kimi istifadə istisna olmaqla digər hərbi məqsədlər üçün kimyəvi maddələrin toksik xüsusiyyətlərindən istifadə; qanunçuluğun təmin edilməsi, o cümlədən ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı mübarizə məqsədləri üçün kimyəvi vasitələrdən istifadə.
Qadağan olunan fəaliyyətlərə nəzarəti Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyət göstərən Milli İnspeksiya Qrupu həyata keçirir.
Qanuna görə, Azərbaycan ərazisində kimyəvi silah aşkar edildikdə məhv edilir.
Dövlət başçısı iyunun 16-da Nazirlər Kabinetinə Azərbaycan ərazisində aşkarlanan kimyəvi silahların məhv edilməsi qaydasını üç ay müddətində təsdiqləməyi tapşırıb.
Xarici İşlər Nazirliyi qanuna uyğun olaraq beynəlxalq əməkdaşlığı həyata keçirmək, o cümlədən beynəlxalq monitorinqlərin aparılması üçün lazımi təşkilati tədbirlər görmək səlahiyyəti əldə edib.
Dövlət Gömrük Komitəsi kimyəvi maddələr üzrə idxal, ixrac və tranzit əməliyyatlarını həyata keçirən müəssisələrin mərkəzləşdirilmiş qeydiyyatını aparacaq, habelə həmin müəssisələr haqqında illik bəyannamələri hazırlayıb aidiyyəti üzrə təqdim edəcək.
Yerlərdə monitorinqlər aparmaqla kimyəvi maddələrin saxlanma rejiminə necə əməl olunmasının yoxlanması və kimyəvi silahların məhvinə nəzarət Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətindədir.