İqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın 2020-ci ilin ilk rübü üzrə tədiyyə balansı statistikasını şərh edib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2019-ci ilin ilk üç ayına nəzərən ölkədən depozit və nağd valyuta formasında kapital çıxışı kəskin artıb: “Keçən ilin yanvar-mart aylarında Azərbaycan rezidentlərinin xaricdə saxladığı depozit və nağd valyutanın ölkəyə qaytarılması sayəsində bu maddə üzrə 368 milyon dollar xalis kapital qayıdışı baş vermişdi. 2020-ci ildə isə rezidentlər bu xətlə ölkədən 611,4 milyon dollar çıxarıblar.
Azərbaycan banklarının xaricdəki vəsaitlərinin geri qaytarılması hesabına 172,2 milyon dollar məbləğində xalis kapital qayıdışı, digər sektorların ölkədən apardığı vəsaitlər hesabına 834,5 milyon dollar xalis kapital çıxışı baş verib. Halbuki 2019-cu ilin yekunlarına görə, Azərbaycan rezidentlərinin xaricdəki depozit və nağd formada vəsaitlərinin geri qayıtması hesabına ölkəyə 2,2 milyard dollar xalis kapital girişi baş vermişdi.
Ticarət kreditləri üzrə öhdəliklərdə mənfi göstərici qeydə alınıb. Öhdəliklərin azaldılması nəticəsində ölkədən 178 milyon dollar məbləğində xalis kapital çıxışı rəsmiləşib.
Dəyəri Azərbaycana ödənmiş, lakin hesabat dövrünün sonuna müvafiq ölkəyə təqdim edilməmiş mal və xidmətlərin, həmçinin xaricdən idxal olunmuş, lakin dəyəri müvafiq ölkəyə ödənməmiş mal və xidmətlərin birlikdə dəyəri bu kanallar üzrə xaricə göndərilmiş malların (xidmətlərin) ümumi dəyərindən və ödənən ümumi məbləğlərdən az olduqda ticarət kreditləri üzrə öhdəliklər mənfiyə düşür.
Beləliklə, qeyd olunan iki kanalla ötən ilin yanvar-mart aylarında 718 milyon dollar daxil olmuşdusa, bu ilin eyni dövründə 800 milyon dollar xalis kapital qaçışı baş verib.
Səbəb nədir? Bu suala Mərkəzi Bank cavab verməlidir.
Ölkədən “xalis xəta və nöqsan” maddəsi altında 596 milyon dollar kapital qaçışı baş verib. Bunun bir izahı varmı?
2015-2019-cu illərdə bu xətlə ölkədən kapital çıxışı cəmi bir dəfə – 2017-ci ilin ilk rübündə olmuşdu. O zaman bu məbləğ xeyli kiçik – 225 milyon dollar idi”.