Ermənistan parlamenti iyunun 16-da baş prokurorun vəsatətinə baxaraq Çiçəklənən Ermənistan Partiyasının sədri, biznesmen Qaqik Sarukyanın deputat toxunulmazlığını götürüb. Novator.az-ın məlumatına görə, qərar 87 səslə qəbul edilib. Gizli səsverməyə yalnız hakim blokun deputatları qatılıb.
Milli Təhlükəsizlik Xidməti iyunun 14-də Qaqik Sarukyana üç cinayət işi açıb. Müxalif siyasətçi qanunsuz oyun biznesi qurub vergidən yayınmada; 2017-ci ilin parlament seçkisi kampaniyasında seçiciləri əla almaq üçün rüşvət verməkdə və Kotayk vilayətinin Arinc icmasında qanunsuz torpaq əldə edib dövlətə ziyan vurmaqda təqsirli bilinir.
Çiçəklənən Ermənistan Partiyası 132 deputatdan ibarət Ermənistan parlamentində 25 mandatla təmsil edilir.
2018-ci il dekabrın 9-da seçilmiş parlamentdə baş nazir, Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyanın “Mənim addımım” blokunun 88, İşıqlı Ermənistan Partiyasının 17 mandatı var.
İyunun 16-sı parlamentin iclasında çıxış edən Qaqik Sarukyan haqqındakı cinayət işlərinin qurama olduğunu deyib, Çiçəklənən Ermənistan Partiyasının Nikol Paşinyanı və onun hökumətini sərt tənqid etməsinə görə təqib olunduğunu deyib.
Qaqik Sarukyanın tərəfdarları iyunun 15-i və 16-sı paytaxt Yerevanda etiraz aksiyaları keçiriblər.
1956-cı il təvəllüdlü Qaqik Sarukyan 1980-ci illərdən bizneslə məşğuldur. 2003-cü ildən parlament üzvüdür. Ermənistan Milli Olimpiya Komitəsinin prezidentidir. Çiçəklənən Ermənistan Partiyasını 2004-cü ildə yaradıb.
2017-ci il aprelin 2-də keçirilmiş parlament seçkisində Qaqik Sarukyanun bloku 105 nəfərlik qanunverici orqana 31 mandat əldə edib. Əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan bu blok 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsinə dəstək verib.
1975-ci il təvəllüdlü Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası 2017-ci ilin parlament seçkisində daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib. Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Ermənistan hökuməti baş nazirdən, onun iki müavinindən və 12 nazirdən ibarətdir.